Məlahət Mürşüdlü: “Rus dili haqqında təsəvvürü olmayan şagird birinci sinfə qəbul olunursa, onları öyrətməkdə müəllimlər də əziyyət çəkirlər”
Son bir neçə ildir Azərbaycan orta ümumtəhsil məktəblərinin rus bölmələrinə maraq artıb. Bu gün valideynlərin bir qismi övladlarının rus bölməsində təhsil almasına çalışır. Əvvəlki illərlə müqayisədə iki-üç ildir orta məktəblərin rus bölməsinə güclü axın müşahidə edilir.
Yeni tədris ilində rus bölməsinə qəbul olunmaq istəyən şagirdlərlə bağlı yeni qaydalar tətbiq olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən mətbuata verilən məlumata görə, 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndiriləcək.
İdarədən bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, onun dinlədiyini anlamaq, ünsiyyət qurmaq və öz fikrini sadə formada ifadə etmək bacarığının olub-olmaması nəzərdə tutulur.
Digər dildə tədris aparılan bölmə üzrə uşaqların I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibə komissiyaları tərəfindən yoxlanılacaq. Müsahibə komissiyasının üzvləri müəllimlərdən ibarət olacaq. 12 inzibati rayon üzrə 9 mərkəzdə müraciət edənlərin sayından asılı olaraq 1, 2 və yaxud 3 komissiya fəaliyyət göstərəcək. Müsahibə komissiyaları aprelin 1-dən fəaliyyətə başlayacaq.
Bildirilənə görə, qiymətləndirilmənin nəticəsi haqqında məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək: “Valideyn şəxsi kabinet yaradıb övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata düşür. Əgər valideyn övladını ümumtəhsil məktəblərinin digər dildə tədris aparılan bölməsi üzrə müsahibəyə yazdırmaq istəyirsə, o zaman "Məktəblər" bölməsini seçib, "İrəli" düyməsini sıxmalıdır. Ümumtəhsil məktəbləri seçilibsə, sistem valideynə müvafiq müsahibə komissiyalarından birini seçməyi təklif edir. Həmin pəncərədə məktəbin ərazisini göstərən xəritə, məktəbin ünvanı və əlaqə nömrəsi qeyd edilib”.
Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü mövzu ilə əlaqədar “Bakı-Xəbər”ə bildirdi ki, yeni qaydanın tətbiq olunmasının effektiv nəticələri olacaq. M.Mürşüdlünün sözlərinə görə, yeni qayda bu il orta məktəblərin rus bölməsinə müraciət edənlərin sayının azalmasına səbəb olsa da, növbəti tədris ilində bu problem olmayacaq. M.Mürşüdlü vurğuladı ki, bir sıra hallarda rus bölməsinə qəbul olunmaq istəyən uşaqların müəyyən qisminin bu dil haqqında təsəvvürü olmur, bu da onların dili mənimsəməsində çətinlik yaradır. “Bu, yeni qərar olduğu üçün, buna həm valideynlər, həm də uşaqlar hazırlıqsızdırlar. Odur ki, bu da orta məktəblərin rus bölməsinin birinci sinfinə müraciət edən şagirdlərin sayının azalmasına səbəb olacaq. Gələn illərdə isə valideynlər uşaqlarını bu bölməyə hazırlaşdıracaq və onlar rahatlıqla gəlib müsahibədə iştirak edəcəklər və birinci sinfə qəbul olacaqlar. Yəni valideynlər 4-5 yaşından uşağını müəllim yanına qoyub hazırlaşdıracaqlar. Düşünürəm ki, orta məktəblərin rus bölümünə qəbul olunmaq istəyən uşaqların həmin dil üzrə müsahibədə iştirakı vacib idi və bu addım da zərurətdən atılıb. Rus bölməsinə qəbul olunmaq istəyən uşaq öz fikrini, düşüncəsini rus dilində ifadə etməyi bacarmalıdır. Bilirsiniz, rus dili haqqında təsəvvürü olmayan şagird birinci sinfə qəbul olunursa, onları öyrətməkdə müəllimlər də əziyyət çəkirlər. Müəllimlər bilmirlər ki, o şagirdlərə rus dilində danışmağı öyrətsinlər, yoxsa proqramı tədris etsinlər. Bu baxımdan, rus bölməsinə daxil olmaq istəyən uşaqların məktəbə hazırlıqlı gəlməsi müəllimlərin də yükünün azalmasına səbəb olacaq. Bu müsahibə ümumi işimizin xeyrinə olacaq. Gələcəkdə rus bölmələri üzrə hazırlıq qruplarının da sayı artacaq” - deyə M.Mürşüdlü bildirdi.
İradə SARIYEVA