Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat və digər xidmət sahələri rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov son illər rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərindən danışaraq, rayonda sanitar-təmizlik işlərinin daim nəzarətdə saxlandığını bildirib. Qeyd olunub ki, rayon üzrə ümumi sanitar-təmizlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasına baxmayaraq, rayon ərazisindəki müxtəlif MTK-lara məxsus bəzi yaşayış binalarının həyətlərində məişət tullantılarının daşınması ilə bağlı yaranan bir sıra çatışmazlıqlar mövcuddur.
Bildirilib ki, bayram günlərində rayonun sanitar-təmizlik vəziyyəti ciddi nəzarətdə saxlanıb. Rayon ərazisindəki parklarda, mövcud yaşıllıqlarda sanitar-təmizlik işlərinin nəzarətdə saxlanması, mövcud yaşıllıqlara qulluq göstərilməsi, yollarda və səkilərdəki abadlıq işlərinin başa çatdırılmasının vacibliyi xüsusi vurğulanıb.
Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar təmizlik aylığının keçirildiyi bildirilib və Nəsimi rayonunun da bu təşəbbüsə qoşulduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbirdə çıxış edənlər - Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elman Yahyayev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı MKTB-nin 70 saylı MKİS-in rəisi Fərhad Nagıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ramiz Quliyev görülmüş işlər barədə məlumat verərək bir sıra təkliflər irəli sürüblər.
Müşavirəyə yekun vuran RİH başçısı Asif Əsgərov rayon ərazisində sanitar-təmzilik işlərinin daim nəzarətdə saxlanması üçün aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Baki-xeber.com