Tamilla Həsənova: “Bu müsabiqədə müxtəlif xarici ölkələrin şagirdləri ilə Azərbaycan məktəblilərinin birgə iştirakı çox böyük maraq doğurur”
Deyirlər ki, riyaziyyat bütün elmlərin açarıdır. Əslində, bu həqiqətən də belədir. O da faktdır ki, dəqiq elmlərin anası olan riyaziyyat uşaqlarda zehni inkişaf etdirir, onların beyinlərini çalışdırır, yaddaşlarını möhkəmlədir.
Vaxtaşırı olaraq respublikamızda müxtəlif qurumların təşkilatçılığı ilə riyaziyyat olimpiadaları, müsabiqələri keçirilir. Bu müsabiqələr əsasən respublika əhəmiyyətli olduğu üçün, burada yalnız respublikamızın məktəbliləri iştirak edə bilir.
Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək. Bu il üçün pilot olaraq keçirilməsi nəzərdə tutulan KBRM Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə keçiriləcək müsabiqədə əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir. “Öyrənək-əylənək və həll edək” şüarı ilə keçirilən bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan III-X sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.
Müsabiqənin Azərbaycan, rus və ingilis dillərində olmaqla üç fərqli dildə keçirilməsi planlaşdırılır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tamilla Həsənova “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, riyaziyyatla bağlı keçirilən həm yerli, həm də beynəlxalq səviyyəli riyaziyyat olimpiadalarının və müsabiqələrinin böyük əhəmiyyəti var. O hesab edir ki, bu müsabiqələr nəticəsində Azərbaycanda yeni riyaziyyatçılar nəslinin yetişməsinə nail olmaq mümkündür. “Uşaqlar və yeniyetmələr arasında riyaziyyata maraq oyatmaq vacib məsələlərdən biridir. Şagirdlərə riyaziyyatın sevdirilməsi, onların bu sahədə olan bilik və bacarığının üzə çıxarılması baxımından riyaziyyat müsabiqələrinin əhəmiyyəti danılmazdır. Ölkəmizdə ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsinin keçirilməsinin yalnız müsbət tərəfi var. Bu müsabiqədə müxtəlif xarici ölkələrin şagirdləri ilə Azərbaycan məktəblilərinin birgə iştirakı çox böyük maraq doğurur”.
Təmsil etdiyi elmi-təqdiqat institutu tərəfindən “Gənc riyaziyyatçılar məktəbi”nin yaradıldığını da qeyd edən T.Həsənovanın sözlərinə görə, bu məktəb də uşaq və gənclərdə riyaziyyata marağın formalaşmasında müstəsna rol oynayır. “Biz onlar üçün mühazirələr oxuyuruq, sonra isə o mühazirələri “YouTube”yə qoyuruq. Hətta praktiki dərslərin şagirdlər tərəfindən aparılmasını təşkil edirik. Tez-tez müəllim və şagird heyəti ilə görüşlər keçiririk. Həm bizim məktəbin fəaliyyətinin, həm də beynəlxalq riyaziyyat müsabiqəsinin keçirilməsinin məqsədi riyaziyyatı lap uşaq yaşlarından şagirdlərə mənimsətmək və sevdirməkdir. Məktəblilər arasında beynəlxalq riyaziyyat müsabiqəsinin keçirilməsi riyaziyyat elminin inkişafına yol açan amillərdən biridir. Bu olduqca əhəmiyyətlidir”-deyə T.Həsənova qeyd etdi.
İradə SARIYEVA