Kamilə Əliyeva: “Ali təhsil haqqında” qanun layihəsi hazırlanarkən dünya təcrübəsi nəzərə alınacaq” İlqar Orucov: “… ali təhsilin forma və məzmununun dəyişdirilməsinə ciddi ehtiyac var”
Xəbər verildiyi kimi, “Ali təhsil haqqında” qanun layihəsinin hazırlıqlarına başlanıb. Bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli media nümayəndələrinə açıqlamasında deyib. O, “Ali təhsil haqqında” qanun layihəsi barədə məlumat verib: “Yaz aylarında - aprel və ya mayda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupunu yaradıb daha konkret işə başlayacağıq. Həmin qanun layihəsini Milli Məclisin payız sessiyasında gündəliyə daxil etməyi daha məqsədəuyğun hesab edirik.
Bununla da 2009-cu ildə qəbul olunan “Təhsil haqqında” Qanunda öz əksini tapmış təhsilin bütün pillələri ilə bağlı qanun layihələrini ölkə ictimaiyyətinə, elm və təhsil işçilərinə təqdim etmiş olacağıq”.
Yeni hazırlanacaq “Ali təhsil haqqında” qanun barəsində məlumat verən Elm və təhsil komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Ali təhsil haqqında” qanun layihəsi üzərində işlər başlanmaq üzrədir. Hələ ki, işçi qrupu yaradılmayıb. Aprel ayında işçi qrupunun yaradılması nəzərdə tutulur. Qanun layihəsi hazırlanarkən dünya təcrübəsi nəzərə alınacaq. İşçi qrupu qanun layihəsi üzərində işlədikdən sonra komitə iclasında layihə müzakirəyə çıxarılacaq. Hazırda biz “Ali təhsil haqqında” qanun layihəsinin üzərində iş üçün biz hazırlaşırıq”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Ali təhsil haqqında” qanunun qəbul olunması vacib məsələdir: “Ali təhsil tək Azərbaycan üçün deyil, bütün ölkələr üçün əhəmiyyətlidir. Hər bir dövlətin inkişafında ali təhsilin rolu böyükdür. Yeni hazırlanacaq “Ali təhsil haqqında” qanunda təhsilin keyfiyyətinin artırılması konkret müddəalarla əks olunmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan ali təhsili sovet təhsil sistemindən qalmadır. Ali təhsilin forma və məzmununun dəyişdirilməsinə ciddi ehtiyac var. Hazırda ölkədə ali təhsilin keyfiyyəti qənaətbəxş səviyyədə deyil. Yeni qanun bu sahədə yaşanan problemləri həll edəcək. Qanun qəbul olunandan sonra ali təhsil sahəsində müsbət dəyişikliklərin şahidi olacağıq.
Günel CƏLİLOVA