Bu gün Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə “KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu” mövzusunda təlim keçirildi.
Təlimdə kütləvi informasiya vasitələrinin QİÇS problemini müasir standartlarla işıqlandırması, bu istiqamətdə İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanın aradan qaldırılmasına verəcək töhfə barədə ətraflı söhbət aparıldı.
Tədbirin keçirilməsində məqsəd cəmiyyətin media vasitəsilə xəstəlik barəsində məlumatlandırılması və xəstələrə qarşı tolerant münasibətin bəslənməsinə nail olmaqdır.
Görüşdə iştirak edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ambulator yardım şöbəsinin müdiri Günəş Cəfərova, İİV infeksiyasından əziyyət çəkən şəxslər barədə məlumat verdi. O qeyd etdi ki, indiyədək Azərbaycanda İİV infeksiyasından 969 nəfər dünyasını dəyişib, 7408 nəfər isə daşıyıcıdır: “1987-2018-ci illərdə müşahidə dövründə 7408 nəfər qeydiyyata alınıb. Onlardan 6538 (97%) nəfəri Azərbaycan vətəndaşıdır.
Bu ilin yanvar ayına olan məlumata görə, İİV-lə yaşayan 6193 nəfərdən 4028-i (71%) kişi, 1633-ü (29%) qadındır. Onların 80,7 faizi 25-49 yaş qrupuna aiddir. 2 faizi isə 17 yaşa qədər olan uşaqlardır”.
Təlim daha sonra sual və müzakirələrlə davam edib.
Günel CƏLİLOVA