Tərlan Eyvazov: “Müharibə veteranlarına 80 manat Prezident təqaüdünün verilməsinin əhəmiyyəti çox böyükdür”
Azərbaycanda əhalinin ən müxtəlif təbəqələrinin sosial rifahının yüksəlməsi üçün tədbirlər həyata keçirilir, Prezident İlham Əliyevin bu sahədə ardıcıl olaraq sərəncamlar imzalayır. Ölkəmizdə müharibə veteranlarının, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, o cümlədən də digər həssas təbəqələrin müavinətləri artırılır, onlara xüsusi təqaüdlər verilir. Prezident İlham Əliyev daim müharibə veteranlarına böyük diqqət və qayğı ilə yanaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamında müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur. Prezidentin sərəncamı ilə müharibə veteranlarına 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən mətbuata verilən məlumata görə, sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq. “Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir. Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat vəsait ayrılacaq”, - deyə nazirlikdən bildirilib.
Hərbi ekspert Tərlan Eyvazov baki-xeber.com-a açıqlamasında bildirdi ki, müharibə veteranlarına əlavə olaraq 80 manat Prezident təqaüdünün təyin edilməsi olduqca əhəmiyyətli bir hadisədir. Bu təqaüdün bütün müharibə veteranlarına şamil edilməsinin müsbət hal olduğunu deyən T.Eyvazov bildirdi ki, əvvəlki dönəmdə işdən çıxan müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət ödənilmirdi, bu ancaq işləyən veteranlara aid idi. “Ümumiyyətlə, 2001-ci ildə komunal xidmətlərlə bağlı güzəştlər ləğv olunanda dövlət müharibə veteranlarına o xərcləri qarşılamaq üçün pul ayırmışdı. Ancaq sonralar müəyyən problemlər ortaya çıxdı. Problem ondan ibarət idi ki, yaşla, əlilliklə bağlı pensiyaya çıxanlara həmin müavinət verilmirdi. İşləyənlərin müavinət alması, işləməyənlərin isə almaması müəyyən problemlər yaradırdı. Lakin ölkə başçısının son sərəncamı bu problemə son qoydu. Sərəncamda dəqiq göstərilib ki, işləyən və işləməyən müharibə veterenlarının hamısı 80 manat Prezident təqaüdü alacaq. Yəni bu təqaüd bütün müharibə veteranlarına şamil edilib. Müharibə veteranlarına 80 manat Prezident təqaüdünün verilməsinin əhəmiyyəti çox böyükdür. Prezident operativ şəkildə bu məsələyə imzaladığı sərəncamla reaksiya verib və bu problemə birdəfəlik son qoyub. 80 manat heç də az vəsait deyil və bu vəsait müharibə veteranlarının bütün kommunal xidmətlərini ödəməsi üçün yetərlidir” - deyə T.Eyvazov bildirdi.
İradə SARIYEVA