Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın 4 mərtəbəli ticarət mərkəzinin böyük bir hissəsinə yayılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.
Yanğının söndürülməsi zamanı FHN-in bir əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Paytaxtda "Diqlas" ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.
Yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakının Nizami rayonunda ticarət və digər təyinatlı obyektlərin olduğu ərazidə baş vermiş yanğınla bağlı jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, ticarət mərkəzindəki yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib, əks halda hadisənin qarşısını almaq çox çətin olardı: "Çünki ticarət mərkəzinin binasının bayır hissəsinin üzləndiyi alkopon materiallar yanan maddələrdir".
K.Heydərov bildirib ki, yanğın artıq məhdudlaşdırılır.