Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: “Layihədə övladlığa götürülmüş uşaqların iradə və mənafelərinin üstün tutulması…” Fatimə Hacıbəyli: “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi uşaq evlərində valideyn himayəsindən məhrum olmuş körpələrin sayının azalmasına səbəb olacaq”
Xəbər verildiyi kimi, övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır. Bu sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işçi qrupu tərəfindən müvafiq işlər davam etdirilir. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, görülən işlər çərçivəsində “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi hazırlanır.
Layihədə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar və ya qrup ailəyə) verilməsi, bu imkanlar olmadıqda isə, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədilə vahid elektron uçotun aparılması qaydaları əksini tapacaq.
Müvafiq kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülmüş uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək. Ona görə də layihədə bu sahədə nəzarət həyata keçirilməsi, eyni zamanda, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun aparılması, valideynləri tərəfindən tərk edilmiş, lakin övladlığa götürülməsinə yol verilməyən uşaqların himayədar və ya qrup ailələrdə yerləşdirilməsi ilə bağlı qaydalara da geniş yer verilir.
Övladlığa uşaq götürmə ilə bağlı hazırlanan yeni layihədə nə kimi dəyişikliklərin olacağını araşdırdıq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, layihənin hazırlanmasında övladlığa götürülmüş uşaqların iradə və mənafelərinin üstün tutulması, onların yeni ailələrdə layiqli yaşayış tərzinə malik olmaları, bu istiqamətdə nəzarətin gücləndirilməsi, həmçinin, övladlığagötürmə prosesində şəffaflığın və sadə prosedurun təmin edilməsi əsas prinsiplər kimi diqqətdə saxlanır.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, övladlığa uşaq verilməsi olduqca həssas məsələdir: “Məlumdur ki, övladlığa uşaq götürmə ilə bağlı müəyyən problemlər yaşanırdı. Uşaq götürmək istəyənlər övlad sahibi olmaq üçün çoxlu sayda instansiyadan keçməli idilər. Yeni hazırlanacaq layihədə övladlığa uşaq vermə qaydaları sadələşdiriləcək. Əvvəlki kimi, insanlar daha çox sənəd toplamayacaqlar. Gələcəkdə uşaqlar övladlığa verilən zaman ailələrin psixoloji, maddi vəziyyətinə daha çox üstünlük veriləcək”.
Həmsöhbətimiz hesab edir ki, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi uşaq evlərində valideyn himayəsindən məhrum olmuş körpələrin sayının azalmasına səbəb olacaq. Yeni hazırlanacaq layihənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanması müsbət qərardır: “Bəllidir ki, əvvəllər uşaqların övladlığa verilməsi müəyyən qurumlar tərəfindən həyata keçirilirdi. İndiyədək 3 yaşa qədər uşaqların övladlığa götürülməsi ilə bağlı qərarı Səhiyyə, daha böyük yaş kateqoriyasında isə Təhsil Nazirliyi, əcnəbilərə isə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi verirdi. Bir növ, bu sahədə pərakəndəlik yaşanırdı. Bundan sonra övladlığagötürmə və valideynlikdən məhrum olunma ilə bağlı bütün qərarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub”.
Günel CƏLİLOVA