“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Qeyd edək ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayb.
Dəyişikliyə görə, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edəcək.
Yetkinlik yaşına çatmayan şəxslərdən tütün məmulatları alan zaman sənəd tələb olunmasını ekspertlər də təqdir edir.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində qeyd etdi ki, qanuna əsasən 18 yaşına çatan şəxslərə siqaretin satışı qadağan olunub: “Belə bir qadağanın tətbiq olunması yaxşı haldır. Ancaq bir sıra məqamlar var ki, onun necə həyata keçiriləcəyi sual doğurur. Bəllidir ki, heç bir market və köşklərdə azyaşlılardan yaşını müəyyən etmək üçün sənəd tələb olunmur. 5 yaşında biri ilə 18 yaşında birini təyin etmək asan məsələdir. Amma 15-16 yaşlarında olan yeniyetmələrin 18 yaşının tamam olub-olmadığını təyin etmək çətin məsələdir. Qanunvericiliyin sərtləşdirilməsi və daha doğrusu aydınlaşdırılması müsbət nəticə verəcək və siqaret çəkənlərin sayına təsir göstərəcək. Bu, bütün dünya ölkələrində də belədir. Məsələn, Avropada siqaret satılan xüsusi elektron köşklər var ki, hətta həmin elektron köşklərdə belə sənəd tələb olunur. Bu vaxtında atılan addımdır və öz müsbət təsirini göstərəcək. Dəyişiklik azyaşlıların siqaretə olan meylliliyini və siqaretin əlçatımlığının azalması baxımından çox əhəmiyyətli bir addımdır”.
Günel CƏLİLOVA