Məlahət Mürşüdlü: “Düşünürəm ki, nazirlik bu məsələdə düzgün addım atıb və problemin bu şəkildə həlli gözlənilən idi”
Azərbaycanda orta ümumtəhsil məktəblərində I sinfə qəbul qaydaları sadələşdirilib. Belə ki, Təhsil Nazirliyindən verilən rəsmi açıqlamaya görə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyi nəzərə alınaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
Nazirlikdən o da deyilib ki, məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunacaqlar. Bununla bağlı həmin uşaqların valideynlərinə 11-12 mart tarixlərində bildirişlər göndəriləcək.
O da vurğulanıb ki, təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.
Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü bununla bağlı “Bakı-Xəbər”ə bildirdi ki, I sinfə qəbul qaydalarının sadələşdirilməsi çox müsbət addımdır və bu, uşaqların maneəsiz I sinfə getməsinə şərait yaradır. Əvvəlki dövrlərdə I sinfə qəbul qaydalarının mürəkkəb olduğunu deyən M.Mürşüdlünün sözlərinə görə, bu da valideynlər üçün ciddi problem yaradırdı. Lakin yeni tədris ilində qaydaların yumşaldılması valideynlərə və uşaqlara psixoloji gərginlik yaşatmayacaq. “Bu olduqca vacib bir məsələdir və onun bu şəkildə həllini tapması çox müsbətdir. Bu qərarın qəbul edilməsi gözlənilən idi. Çünki Azərbaycanda orta təhsil icbari və orta təhsil hər kəs üçün əlçatan olmaldır. Bu sahədə heç bir bürokratik əngəl olmamalı, əlavə sənədlər tələb edilməməlidir. Həm I sinfə qəbul qaydalarının sadələşdirilməsi, həm də qəbulun mart ayından onlayn həyata keçirilməsi də çox müsbət haldır. Bilirsiniz ki, yay aylarında bir çox valideyn şəhərdə olmurdu, sənədləşmə məsələsində gecikmələr olurdu, şikayətlər çoxalırdı. Buna görə də indidən başlanması mükəmməl bir fəaliyyətdir”.
M.Mürşüdlü, həmçinin, vurğuladı ki, qəbul qaydalarının daha da sadələşdirilməsinə ehtiyac vardı və bu da reallaşdırıldı. O qeyd etdi ki, uşaq I sinfə qəbul olunarkən lazım olan sənədlər sonrakı mərhələdə də toplana bilər. “Düşünürəm ki, nazirlik bu məsələdə düzgün addım atıb və problemin bu şəkildə həlli gözlənilən idi” - deyə M.Mürşüdlü bildirdi.
İradə SARIYEVA