Ruslan Quliyev: “Beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ölkəmizin ilk 10-luqda qərarlaşması turizm sektorunun inkişafı istiqamətində aparılan işlərlə bağlıdır”
Son illər Azərbaycanda turizmin inkişafı göz önündədir. Heç şübhəsiz turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Bu gün Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Azərbaycan turizminin inkişafı beynəlxalq agentliklərin hesabatlarında da qeyd olunur.
Azərbaycan turizmin inkişafına görə Avropa ölkələri arasında 7-ci yeri tutub. Bununla bağlı reytinq cədvəlini Ümumdünya Turizm Təşkilatı (ÜTT) açıqlayıb. Qurum Azərbaycanda turizm sektorunun inkişaf dinamikasını 20% səviyyəsində qiymətləndirib. ÜTT Bakını ecazkar məkanlardan biri kimi təqdim edərək onu "Yeni Dubay"a bənzədib, neftlə zəngin olan ölkənin Avropa və Asiya arasında, o cümlədən Şərqdə sürətlə inkişaf edən haba çevrildiyini bəyan edib.
Qeyd edək ki, siyahıya liderliyi San-Morino edir. Növbəti yerlərdə Gürcüstan (2-ci), İsrail (3-cü), Türkiyə (4-cü), İslandiya (5-ci), Makedoniya (6-cı), eləcə də Moldova (8-ci), Bosniya və Herseqovina (9-cu) və Ermənistan (10-cu) qərarlaşıb.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilib: “Azərbaycan turizm üçün hər baxımdan cəlbedici məkandır. Gözəl təbiət, misilsiz tarixi abidələr, fərqli mətbəx, qonaqpərvərlik, dövlət tərəfindən bu sahəyə ayrılan diqqət, sahibkarlara yaradılan şərait, viza sisteminin sadələşdirilməsi səyahət üçün ölkəmizə üz tutan turistlərin sayına təsir edir. Bununla yanaşı, turizm sahəsinin inkişafında, ümumi iqtisadi, texniki və sosial nailiyyətlərin birbaşa təsiri mövcuddur. Nəzərə aımaq lazımdır ki, son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imici, Azərbaycanın dünyada sabitlik adası kimi xarakterizəsi, ölkəmizə marağın artmasına səbəb olur və turizm sahəsinin də inkişafına zəmin yaradır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, turizmin inkişafına görə Azərbaycanın Avropa ölkələri arasında 7-ci yerdə qərarlaşması yaxşı göstəricidir: “Beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ölkəmizin ilk 10-luqda qərarlaşması turizm sektorunun inkişafı istiqamətində aparılan işlərlə bağlıdır. Qeyd edim ki, ölkəmizin bu sahədə uğur qazanacağı ilə bağlı yerli və beynəlxalq təşkilatların proqnozları artıq özünü doğruldur. Zənnimcə, yaxın müddət ərzində Azərbaycan turizmi daha da inkişaf edəcək”.
Günel CƏLİLOVA