“Mebel və tikinti sektorunun inkişafı üçün meşə sənayesini inkişaf etdirmək lazımdır”
“Azərbaycanda sənaye məqsədli meşələr salınacaq”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, ölkədə meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil: "Elə ərazilər var ki, məsələn, Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar. Meşədən aparılan ağacların 90 faizi qeyri-yanacaq məqsədləri üçün istifadə edilir”. Nazirlik rəsmisi əlavə edib ki, sahibkarlar sənaye məqsədli meşə əraziləri sala və həmin ağacların hesabına materiala olan tələbatlarını ödəyə bilərlər. Sənaye məqsədli meşələrin salınması meşələrə olan müdaxilələrin azaldılmasına, ona gəlir mənbəyi kimi baxılmamasına səbəb olacaq. V.Kərimov onu da qeyd edib ki, sənaye məqsədli meşələrin 2019-cu ildə salınacaq. Sənaye məqsədli meşələrin salınmasının əhəmiyyəti barədə danışan Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mebel və tikinti sektorunun inkişafı üçün meşə sənayesini inkişaf etdirmək lazımdır: “Hazırda Azərbaycanın mebel sənayesi inkişaf dövrünü yaşayır. Zaman keçdikcə bu sahədə xammala olan təlabat artmaqdadır. Dünyada bir neçə məşhur mebel sənaye şirkəti var ki, onların məxsus olduğu ölkədə geniş meşə zolaqları yoxdur. Ancaq həmin şirkətlər xammalı kənardan alır. Rusiya dünyada sənaye xarekterli meşə zolaqlarının ən geniş massivinə malik böyük ölkələrdən biridir. Ölkəmizdə də bu səhənin inkişaf etdirilməsi yaxşı olar. Meşə sənayesinin yaradılması və onun inkişaf etdirilməsi əhəmiyyətlidir. Ölkədə tikinti materiallarının istehsalı və mebel sənayesinin daha da inkişaf etməsi üçün meşə massivlərinin yaradılması vacibdir”.
Günel CƏLİLOVA