“Nisbətən ucuz xidmət təklif edən taksi şirkətlərinin qiymətlərində artımın olması mümkündür”
Məlum olduğu kimi, bir neçə gün öncə baş nazir Novruz Məmmədov taksi minik avtomobillərinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri təsdiqləyib. Tələblərə əsasən, bəzi avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulub. Həmçinin, Bakı şəhərində taksilərə GPS qurğusunun quraşdırılması məcburiləşdirilib. Qaydalara əsasən, taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir. Qeyd olunur ki, taksilər ən azı “avro-4” ekoloji standartına uyğun olmalıdır. Maraqlıdır, təsdiq olunan yeni qaydalar taksilərdə gediş haqqına təsir edə bilərmi?
İqtisadçı Vüqar Bayramov hesab edir ki, müəyyən olunan tələblər çox sərt deyil: “Nəzərə almaq lazımdır ki, bu həm Heydər Əliyev adına beynəlxalq aeroportdan şəhər istiqamətində hərəkət edən, həm də paytaxtdakı taksilərlə bağlıdır. Söhbət ikiqapılı və “ABS” əyləc sistemi “Avro-4” ekoloji standartına uyğun olmayan avtomobillərin taksi kimi istifadə edilməməsindən gedir. Bəllidir ki, bu gün aparıcı taksi şirkətlərinin çoxunda tələblər Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğundur”.
Həmsöhbətimizin sözlərinə görə, yeni qərar nisbətən ucuz taksi şirkətləri üçün əlavə xərc yaradacaq: “Nisbətən ucuz xidmət təklif edən, xüsusən köhnə avtomobillərdən, bəzi hallarda kondisioneri olmayan avtomobillərdən istifadə edən şirkətlərin xərcini artıracaq. Aparıcı taksi şirkətlərinin xərclərində ciddi artım olacağı gözlənilmir, ancaq güman edilir ki, daha ucuz xidmət, tarif təklif edən taksi şirkətlərinin xərclərində artımlar olacaq. Nəticə etibarilə nisbətən ucuz xidmət təklif edən taksi şirkətlərinin qiymətlərində artımın olması mümkündür”.
Günel CƏLİLOVA