"Payızağacəkmə mövsümündə 167 min müxtəlif cinsli ağac tingi paylanılıb". Baki-xeber.com xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirdi ki, Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!" devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən payızağacəkmə mövsümündə Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində 1,3 milyona yaxın iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.
Onun sözlərinə görə, "Hər ailə ağac əksin", "Bir şagird bir ağac əksin və qorusun" devizləri altında keçirilən aksiyalar zamanı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara, təşkilatlara təmənnasız olaraq 167 min müxtəlif cinsli ağac tingi, respublikamızda baramaçılığın inkişafı məqsədilə isə 1,7 milyona yaxın tut tingi paylanılıb.
Nazir müavini qeyd edib ki, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə ümumilikdə 320 qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib, ərazidəki boş sahələrə 5000-ə yaxın müxtəlif cinsli ağac əkilib.
GÜNEL