Mais Ağayev: “Sərnişinlərə lazımi xidmət göstərməyən, texniki baxımdan nasaz avtobuslar…”
2018-ci ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin marşrut şəbəkəsində həyata keçirilən islahatlar nəticəsində daşıyıcıların sayı 41-dən 36-ya endirilib. İslahatlar nəticəsində, həmçinin, 39 marşrutun istismarçısı dəyişdirilib, 9 yeni marşrut təşkil edilib, 5-nin fəaliyyəti dayandırılıb və 32 marşrutun hərəkət sxemi sakinlərin müraciətlərinə və araşdırmaların nəticəsinə əsasən dəyişdirilib.
Müəyyən marşrutların fəaliyyəti dayandırılmaqla və tələbata uyğun yeni marşrutların təşkil edilməsi ilə onların sayı optimallaşdırılaraq 146-dan 149-a çatdırılıb.
Ötən il Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən islahatlar nəticəsində marşrut şəbəkəsinin nə səbəbdən 41-dən 36-ya endirilməsini və yaxın müddət ərzində daşıyıcıların sayının artırılıb-artırılmayacağını öyrənmək məqsədilə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevə müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, daşıyıcıların sayının azalması bu sahədə aparılan optimallaşdırma işləri ilə bağlıdır. Marşrut xəttindən əsasən iş sistemini düzgün qurmayan daşıyıcılar uzaqlaşdırılıb: “Bu işlə məşğul olan sahibkarlar öz işinə məsuliyyətlə yanaşmayıbsa, təbii ki, həmin daşıyıcılar sərnişindaşımadan çıxarılmalıdır. Məlumat üçün bildirim ki, sərnişinlərin əsas narazılığı daşıyıcıların sayının çox olması ilə bağlı idi. Bu gün dövlətin daşıyıcı şirkəti olaraq fəaliyyət göstərən “Baku-Bus” MMC-nin fəaliyyətindən hər kəs razıdır. Bakı Nəqliyyat Agentliyinə daxil olan müraciətlərin əksəriyyəti avtobusların “Baku-Bus” MMC-nin daşıyıcıları ilə əvəz olunmasıdır. Bəllidir ki, “Baku-Bus” avtobusları fərqli xidmət göstərir, eyni zamanda, sürücüyə yanaşma tərzi də fərqlidir. Ancaq digər daşıyıcılarda biz bu xidmətləri görmürük. Zamanla qaydalara riayət etməyən hər bir daşıyıcı xətdən çıxarılacaq. Qoyulan tələbə cavab verməyən marşrutlar xətdən uzaqlaşdırılacaq. Sərnişinlərə lazmi xidmət göstərməyən, texniki baxımdan nasaz avtobuslar zamanla həmin xətdən kənarlaşdırılacaq”.
M.Ağayevin sözlərinə görə, sərnişindaşıma qaydalarına riayət etməyən daşıyıcılara xəbərdarlıq olunur. Fəaliyyətlərinin sərnişindaşımanın tələbinə uyğun formada qurulması onlardan tələb olunur. Həmin daşıyıcılara izah olunur ki, sərnişindaşıma sosial sahədir.
Həmsöhbətimizin sözlərinə görə, bu il ərzində Bakı şəhərinə 300 yeni avtobusun gətirilməsi gözlənir. Yeni avtobuslar təxminən yay aylarında gətiriləcək.
Günel CƏLİLOVA