“Aztəminatlı ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsi həm ailələrin maddi vəziyyətinin, həm də təhsilin inkişaf etməsinə səbəb olacaq”
Azərbaycanda aztəminatlı ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsi təklif edilir. Belə bir təklifi Ombudsman Elmira Süleymanova səsləndirib. O qeyd edib ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2018-ci ilin illik məruzəsində qeyd edilib. Sənəddə göstərilib ki, orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadəsi üzrə mexanizm hazırlanmalı və tətbiq edilməlidir. Ekspertlər də ölkədə aztəminatlı ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsi təklifini müsbət qarşılayır. Onların fikrincə, bu qərar onların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaq.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son günlər ölkədə sosial sahənin inkişafı ilə bağlı əhəmiyyətli sərəncamlar, fərmanlar imzalanır. Bu sahədə görülən hər bir iş əhalinin sosial rifah halının yaxşılaşmasına səbəb olacaq. Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur: “Ölkədə aztəminatlı ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsi təklif olunur. Bu təklif olduqca mühumdur. Çünki elə ailələr ki, maddi durumu imkan vermir uşaqları hər gün dərsə gedə bilsin. Belə bir təklif qəbul olunarsa, tələbə və məktəblilər rahat şəkildə təhsil almaq üçün dərsə gedər. Bu qərar həm ailələrin maddi vəziyyətinin, həm də təhsilin inkişaf etməsinə səbəb olacaq”.
Günel CƏLİLOVA