Daxili işlər orqanlarının əməkdaşları Goranboy rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Veyislikənd orta məktəbində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirib.
“Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda keçirilən həmin tədbirdə çıxış edən Goranboy RPŞ-nin rəisi polis polkovniki Ramin Qədirov şagirdlərin nəzərinə çatdırıb ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hərbir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə öz gələcəyini bilərək məhv edir. Narko tacirlər isə məhz iradəsi zəif olan gənclər vasitəsilə öz şəbəkələrini genişləndirərək, xüsusən məktəbliləri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyl göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi, vətənpərvər ruhda böyümələri istiqamətində davamlı işlər aparmalıdır.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Eşqin QASIMOV DİN Mətbuat Xidmətinin əməkdaşı