Aydın Hüseynov: “Ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına 80 manat məbləğində təqaüdün təyin olunması o insanların maddi vəziyyətinin qismən də olsa yüksəlməsinə səbəb olacaq”
Məlum olduğu kimi, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Fevralın 25-də imzalanan sərəncamın 1.11 maddəsində qeyd olunur ki, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin.
Dövlət başçısının məlum sərəncamına münasibət bildirən millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İ.Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsidir. Ölkə əhalisinin işlə təmin olunması, onların həyat səviyyəsinin daha da artırılması Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində dayanır: “2019-cu ilin iki ayı ərzində əhalinin sosial rifah halının yaxşılaşması istiqamətində çoxlu sayda sərəncam imzalanıb. O cümlədən, sosial müavinətlərin artması ilə bağlı bir neçə gün öncə Prezident tərəfindən sərəncam imzalanıb. Sərəncamda bir sıra məsələlər qeyd olunub. Qeyd olunan məsələlərdən biri də müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində təqaüdün təsis edilməsidir. Müharibə veteranlarına kommunal və digər xidmətlərə görə müavinətin ödənilməsi qeyd edilən kateqoriyadan olan insanların sosial həyatına müsbət təsir edəcək. Eyni zamanda, ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına 80 manat məbləğində təqadün təyin olunması o insanların maddi vəziyyətinin qismən də olsa yüksəlməsinə səbəb olacaq”.
Millət vəkili onu da bildirdi ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, əhalinin sosial təminatı da yüksəlir. Əhalinin sosial rifah halının yaxşılaşması istiqamətində görülən işlər davam etdiriləcək.
Günel CƏLİLOVA