Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus + layihəsinin növbəti təlimləri bu günlərdə Londonda baş tutub.
Təlimlərdə İngiltərənin Middlesex, İsveçin Kral Texnologiya, İspaniyanın Alicante, Litvanın SMK Tətbiqi Elmlər Universitetlərinin ekspertləri və Azərbaycanın 11 ali təhsil müəssisəsindən 48 nümayəndə heyəti iştirak edib.Təlimlərin məqsədi ali təhsildə keyfiyyət təminatının əsas məsələlərinin dərindən təhlili, ümumi və peşəkar bacarıqların, maraqlı tərəflərin müəyyənləşdirilməsi, onların qərarvermə prosesinə cəlb edilməsi yollarının öyrənilməsi, tədris nəticələrinin öyrətmə, öyrənmə və qiymətləndirmə metodları ilə əlaqələndirilməsindən ibarət olub.
Bakı Biznes Universiteti tərəfindən həyata keçirilən layihənin təlimləri uğurla başa çatdırılıb və sonda layihə iştirakçılarına sertifikatlar verilib.