Mayis Əliyev: “… o insanların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”
Ölkə iqtisadiyyatı inkişaf etdikcə, dövlət tərəfindən vətəndaşların sosial rifahının yüksəlməsi məqsədilə həyata keçirilən təbirlərin sayı artır. Əhalinin həssas təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən atılan addımlar ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanır.
Məlumdur ki, Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində növbəti sərəncam imzalayıb. Sərəncamın əsas məqsədi əhalinin sosial rifah halının yüksəlməsidir.
Qeyd edək ki, əhalinin sosial vəziyyətinin yaxşılaşması məqsədilə dövlət başçısı tərəfindən yeni təqaüdlər təsis edilib. Belə ki, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü veriləcək.
Yeni təqaüdün əhəmiyyəti barəsində danışan sosial sahə üzrə ekspert Mayis Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2019-cu il əhalinin sosial müdafiəsi baxımından fərqlənən il olacaq. Onun sözlərinə görə, dövlət başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşması məqsədilə mühüm sərəncamlar imzalayır. O sərəncamlardan biri də I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində təqaüdün təsis olunmasıdır: “Bu sərəncam dövlət başçısının daha bir humanist təşəbbüsünün nəticəsi olmaqla, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm tədbirlərin ardıcıl xarakter aldığını göstərir”.
M.Əliyev bildirdi ki, I qrup əlilliyi olan və sağlamlıq imkanı məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 50 manat məbləğində təqaüdün ayrılması o insanların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaq.
Həmsöhbətimiz onu da vurğuladı ki, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur: “Azərbaycanın sosial siyasəti inqilabi xarakter daşıyır və bu, ilk növbədə, Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür”.
Günel CƏLİLOVA