Davud Rəhimli: “İndiyə qədər əlilliyə görə verilən sosial müavinətlər bu dərəcədə artırılmamışdı”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, yaşa görə sosial müavinətin məbləği 130 manata çatdırılıb. I qrup əlilliyə görə sosial müavinət 150 manat, II qrup əlilliyə görə 130 manat, III qrup əlilliyə görə isə 110 manat olacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, sərəncam, ümumilikdə, 576,8 min nəfərə yönələn sosial müavinətləri və Prezident təqaüdlərini artırır. Eləcə də həmin təqaüdlərin əhatə dairəsini genişləndirir. Ümumilikdə, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə 110 manata çatdırılması ciddi artımdır. Əvvəllər 2-ci qrup əlilliyi olanlar 61 manat sosial müavinət alırdılarsa, qərardan sonra bu məbləğ 130 manat olacaq. O cümlədən, digər kateqoriyadan olan əlilliyi olan şəxslərin də sosial müavinətləri ciddi şəkildə artırılıb. Təkcə yaşa görə verilən sosial müavinətin həcmi 2 dəfəyə yaxın artırılıb. Bütün bunlarla yanaşı, sadalanan kateqoriyalar üzrə təxminən nə qədər vətəndaşın sosial müavinəti artırılacaq?
Sözügedən məsələyə aydınlıq gətirən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli bir sıra məqamlara toxundu: “Əvvəla sərəncam əlilliyi olan şəxslər üçün müsbət əhəmiyyət kəsb edən qərardır. Çünki bu, həlli vacib olan problem idi. Məsələ ondadır ki, bundan əvvəl əlilliyi olan şəxslər çox aşağı həcmdə müavinət alırdılar. Məlum qərardan sonra sosial müavinətlər iki dəfədən artıq artırıldı. Sosial müavinətlər 110-120 faiz artırıldı. Ona görə də bu, analoqu olmayan bir artımdır. Bu vaxta qədər əlilliyi olan şəxslərin müavinətləri ya indeksasiya formasında, ya da cüzi səviyyədə artırılırdı. İndiyə qədər əlilliyə görə verilən sosial müavinətlər bu dərəcədə artırılmamışdı. Sərəncamın bir üstünlüyü də ondan ibarətdir ki, müxtəlif kateqoriyalı əlilliyi olan şəxslər arasında fərq minimuma endirildi. Əvvəllər pensiyaların məbləği çox idi, amma sosial müavinətlərin həcmi az idi. Bu da əlilliyi olan şəxslərin yaşayış eytiyaclarını ödəmirdi. İndi isə bu problem olmayacaq və əlilliyi olan şəxslərə qulluq edənlərə də müavinət veriləcək. Bütün bunlar sözügedən sərəncamın mütərəqqi bir qərar olduğunu göstərir. Bu, dövlətin sözügedən sahədə verdiyi ən böyük humanist qərardır. Eyni zamanda, bu, maliyyə tutumlu bir qərardır. Bu il bu məqsədlə 300 milyon manat, gələn il isə 400 milyon manat vəsait ayrılacaq. Ümumilikdə, bu, 577 min nəfərə yaxın vətəndaşa şamil olunacaq ki, onlardan 256 min nəfəri əlilliyi olan şəxslərdir. Yerdə qalan digər hissə isə yaşa və digər kateqoriyaya görə sosial müavinət alan şəxslərdir. Göründüyü kimi, bu qərar çoxsaylı vətəndaşın sosial vəziyyətinə müsbət təsir edəcək”.
Vidadi ORDAHALLI