Tərlan Eyvazov: “Bu vacib addımın atılması o şəxslərin övladlarının həyatında mühüm bir hadisədir”
Ölkəmizin iqtisadi gücü artdıqca, dövlət tərəfindən vətəndaşların sosial rifahının yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Əhalinin müxtəlif təbəqələrinin həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün atılan bu addımlar ictimaiyyət tərəfindən müsbət qarşılanır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın məqsədi əhalinin sosial müdafiəsinin gücləndirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Sənədin 1.6. maddəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata çatdırılması öz əksini tapıb.
Hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə bildirdi ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına sosial müavinətin birdən-birə ikiqat artırılması olduqca müsbət bir haldır. O hesab edir ki, bu kateqoriyadan olan şəxslərin övladlarının dolanışığının təmin edilməsinə bu artım yaxşı təsir göstərəcək. “Həqiqi hərbi xidmətə gedən şəxslərin övladlarına indiyə qədər 50 manat sosial müavinət verilirdi. Bu gün ölkəmizin iqtisadiyyatı güclənir. Bu da özünü əhalinin sosial həyatında göstərir. Müddətli həqiqi hərbi xidmətdə olan şəxslərin övladlarına 100 manat məbləğində sosial müavinət verilməsi çox mühüm addımdır. Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamın son dövrlər bu istiqamətdə imzalanan sərəncamlar sırasında öz xüsusi yeri var. Təbii ki, bu vacib addımın atılması o şəxslərin övladlarının həyatında mühüm bir hadisədir. Müddətli həqiqi hərbi xidmətdə olan insanların övladlarına verilən sosial müavinətin məbləğinin iki dəfə artırılması onların ailələrinin sosial rifahının yüksəlməsinə öz müsbət təsirini göstərəcək” - deyə T.Eyvazov qeyd etdi.
O, həmçinin, bildirdi ki, dövlətin həyata keçirdiyi sosial siyasətin cəmiyyətin bütün təbəqələrini əhatə etməsi insanların həyatında mühüm rol oynayır.
İradə SARIYEVA