“Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir”
Ölkə başçısı İlham Əliyevin fevralın 21-də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdünün artırılması haqqında Fərman və Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısının verdiyi sərəncam və fərmanla bağlı “Bakı-Xəbər”ə açıqlama verən Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı, ehtiyatda olan zabit Tərlan Eyvazov qeyd etdi ki, Əfqanıstan müharibə iştirakçıları da digər müharibələrdə iştirak etmiş veteranlara ayrılan güzəştlərdən istifadə edir, onlara da eyni şərait yaradılır: “Fevralın 21-də cənab Prezidentin imzaladığı fərmanın əsas mahiyyəti sosial yönümlüdür. Əfqanıstan müharibəsində iştirak edib əlil olan şəxslərə verilən müavinətin məbləği artıb. Eyni zamanda, vəfat edən hərbi qulluqçuların ailələrinin sosial vəziyyəti yaxşılaşdırılacaq. Ehtiyacı olan ailələrin mənzil şəraiti yaxşılaşdırılacaq”.
Həmsöhbətimiz bildirdi ki, Prezidentin imzaladığı sərəncam Əfqanıstan müharibəsində iştirak etmiş şəxslərin sosial rifahının gücləndirilməsinə yönəlib: “Əfqanıstan müharibəsində iştirak etmiş şəxslər beynəlxalq dərəcəli hərbçi sayılır”.
T.Eyvazov onu da vurğuladı ki, bu gün Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir. Prezident İlham Əliyev şəhid ailələrinə, veteranlara qayğı göstərilməsini, onların sosial-məişət problemlərinin həllini daim diqqət mərkəzində saxlayır.
Günel CƏLİLOVA