Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq hökmü ilə döyüşüb şəhidlik zirvəsinə ucalan, indi and yerimiz olan polad biləkli oğlanlardan bir Lerikli balası Malikdir. Ömrü yarımçıq qırılsa da, vətən naminə göstərdiyi misilsiz hünəri əbədi olaraq ona ürəklərdə yer etdi. Malik az yaşadı. Qaldı ki, qoynunda boy atdığı, ürəkdən bağlandığı torpağı qürurla dünyaya göstərə bildi.
Malik Sədaqət oğlu Bağışov 1974-cü ildə Lerikdə anan olmuşdu. Hər cür şərdən, xətadan uzaq dünyası olan Malik orta məktəbi bitirəndə artıq yaşadığı cəmiyyətdə sağlam əqidəli, yurdsevər bir gənc kimi tanınır, sevilirdi. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olur. Təhsilini yarımçıq saxlayır. Mənəviyyat fəlsəfəsinin əsasını qeyrət, ləyaqət, vətənpərvərlik hissi təşkil edən Malik tayqulaq Andranikin törəmələrinin Qarabağa təcavüzünü məğrur vicdanına sığışdıra bilmir. Vətən sevgisini bütün sevgilərdən üstün tutmaqla 1992-ci ildə silaha sarılıb, vətən harayına hay verən igid ərənlərlə, yağı əli ilə oda qalanmış Azərbaycan torpaqların müdafiəsinə qalxır. Ağdam, Fizuli, Xocavənd və Beyləqan rayonunda gedən döyüşlərdə fəal iştirak edərək ən qaynar nöqtələrdə şücaət göstərir.
Daha sonra qəlbində yurd məhəbbəti, əlində silah Malik səngərdən səngərə addımlayır, bir çox döyüş nöqtələrdən keçir. Hər qələbə qazananda ürəyinə yeni təpər, qollarına qeyri-adı güc gəlir. Haramı düzündə sözün əsl mənasında sinəsini yanar od edib düşmənin belini qırır. Və bu ölüm-dirim müharibədə göstərdiyi şücaətə görə sağ qalması isə möcüzə sayılır.Şişqaya ətrafında gedən döyüşdə də öz dəstəsi ilə erməni dığaların burnunu yaxşı əzirlər.
20 fevral 1995-ci il Malikin son döyüş günü olur. Əməliyyat tapşırığını yerinə yetirərkən düşmən gülləsindən yayına bilmir. Köksündə çırpınan odlu ürəyi dayansa da, taleyinə vətən naminə yazılan şəhidliyi ilə Malikqədir bilən xalqının qəlbində yenidən dünyaya gəlir.
İndi leriklilər üçün Malikin adı çox əzizdir. Lerik şəhər 3 saylı məktəb onun adını daşıyır. O, hər dəfə xatırlananda insan saflaşır, həyata əzəmət, ülviyyət gəlir.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü