Fevralın 20-də Bakı şəhər Baş Polis İdarəsində Baş İdarə və tabeli polis orqanlarında fəaliyyət göstərən Veteranlar şuralarının hesabat-yığıncağı keçirilib.
Tədbiri Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə müavini, polis general-mayoru Elxan Həsənov giriş sözü ilə açıb.
Rəis müavini Elxan Həsənov paytaxt ərazisində ictimai asayiş və təhlükəsizliyin təmin edilməsində polis veteranlarının köməyindən səmərəli şəkildə istifadə edilməsinin DİN və Baş İdarə rəhbəriyi tərəfindən daim diqqət mərkəzində saxlanan məsələlərdən biri olduğunu bildirib. Cinayətkarlığa qarşı mübarizədə zəngin peşə təcrübəsinə malik olan veteranların köməyi sayəsində müsbət nəticələr əldə edildiyini deyən polis general-mayoru Bakı sakinlərinin əminamanlığı, təhlükəsizliyi məqsədilə polis tərəfindən həyata keçirilən tədbirlərə təsir etdiyini vurğulayıb.
Bakı şəhər BPİ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov, DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov da cinayətkarlığa qarşı mübarizədə veteranların təcrübəsindən istifadə olunmasının əhəmiyyətindən danışıb, həmçinin yerlərdə gənc polis əməkdaşları ilə, təhsil müəssisələrində məktəblilərlə görüşlərin keçirilməsi, maarifləndirici, vətənpərvərlik mövzularında tədbirlərin təşkili məsələrinə toxunub.
Tədbirdə həmçinin istefada olan polis polkovnikləri Zakir Əhmədov, Ələsgər Bədəlov, Xalid Səfərəliyev, Maksim Qədirov və başqaları çıxış edərək, polis-vətəndaş münasibətinin, vətəndaş məmnunluğunun, ictimai əlaqələrin yüksək səviyyədə təşkil olunması barədə öz fikirlərini bildirib, təkliflər veriblər.