Adil Qeybulla: “Süni mayalanmanın limitli şəkildə icbari tibbi sığorta zərfinə daxil olması real görünmür” Pərvanə Mustafayeva: “Süni mayalanma icbari tibbi sığortaya daxil edilsə, bir çox ailə üçün böyük kömək olar”
Azərbaycanda gələn ildən ekstrakorporal (süni) mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur. Bu barədə media nümayəndələrinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, orqan transplantasiyası xidmətinin də limitli şəkildə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur: “Hazırda bununla bağlı qiymətləndirmələr aparılır. Xidmətlər paketinə əlavələr əhalinin müraciətləri nəzərə alınmaqla edilir. Hazırda isə icbari tibbi sığorta Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir. Pilot layihə bu ilin sonuna qədər davam edəcək”.
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidi üçün bütün hazırlıq işlərinin başa çatdırılması, 2020-ci ildən ölkə üzrə icbari tibbi söğorta sisteminin tətbiqinə başlanması nəzərdə tutulur.
Gələn ildən ekstrakorporal (süni) mayalanmanın icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsinin əhəmiyyəti barəsində danışan professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, inkişaf etmiş ölkələrdə icbari tibbi sığortanın müvafiq mexanizmləri var. Həmin ölkələr həmin mexanizmlərə istinad edib.
Ekspert hesab edir ki, icbari tibbi sığortanın əsas predmeti doğuş və təxirəsalınmaz yardım olmalıdır: “Süni mayalanma prosedurunun icbari tibbi sığorta zərfinə daxil olması müsbət təklifdir. Ancaq nəzərə almaq lazımdır ki, süni mayalanma olduqca bahalı və risqli əməliyyatdır. Bu səbəbdən belə bir əməliyyatın limitli şəkildə olsa belə icbari tibbi sığorta zərfinə daxil olması real görünmür”.
Ginekoloq-həkim Pərvanə Mustafayeva bizimlə söhbətində bildirdi ki, süni mayalanma icbari tibbi sığortaya daxil edilsə, bir çox ailə üçün böyük kömək olar: "Məlumdur ki, hazırda sonsuzluq problemi böyükdür, ona görə də icbari sığorta zərfinə daxil olunmasını istəyirəm. Süni mayalanmanın ilk dəfədən tutmamaq şansı çox yüksəkdir. Bu səbəbdən də süni mayalanmanı bir neçə dəfə edirlər. Qonşu Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrdə 2-ci prosedurdan sonra əməliyyatın müəyyən hissəsini dövlət qarşılayır, ya da ümumiyyətlə, pulsuz olur. Sonsuz ailələrin müayinə paketləri var, hormonlar, dərmanlar. Əsas maliyyəni o aparır. Onlar qarşılansa, çox yaxşı olar”.
Günel CƏLİLOVA