Fevralın 12-dən, respublikanın bütün bölgələrində olduğu kimi, Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinə başlanıb.
Nəsimi Rayon İcra Hakimiyyətindən baki-xeber.com-a bildirildiyinə görə, bununla əlaqədar RİH tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafikləri tərtib olunub.
Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işlərinin davam etdirildiyi deyilən xəbərdə bildirilir ki, tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayon sakinlərinə xidmət göstərən poliklinikalarda tədbirin keçirilməsi üçün müvafiq şərait yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi və eyni zamanda yataq xəstələrinin də müayinəsi məqsədilə səyyar həkim briqadaları da təşkil olunub.
20 saylı Şəhər Poliklinikasında keçirilən tibbi müayinə zamanı Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanır. Fevralın 20-də bu tip müayinə rayondaki Bioloji Təbabət Klinikasında təşkil olunub. Tibb müəssisəsində sakinlər əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə oftalmoloq, ultrasəs və digər müayinələrdən keçirilib.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayıb, poliklinikaların həkim heyəti, burada yaradılan şəraitdən razılıq ediblər.