Məşhur şirniyyat dükanı olanı “AZZA”da satılan tortların tərkibi ilə bağlı mediada məlumat yayılıb. Qeyd olunur ki, adıçəkilən şirniyyat evindən alınan tortun içərisindən sellofan torba çıxıb. Bu halla Bakı şəhər sakini Bayram Qubaxanlı üzləşib.
O, “Report”a verdiyi məlumatda qeyd edib ki, “AZZA” şirniyyat evinin paytaxtın Nəsimi rayonunda yerləşən filialından tort alıb: “Amma tortu kəsən zaman içərisindən bükülmüş sellofan torba aşkarlanıb”. O, rastlaşdığı xoşagəlməz hadisə ilə bağlı şirniyyat evinə müraciət etsə də, əvvəlcə tortun qaytarılmasının mümkün olmadığını bildiriblər. Bir həftə sonra isə tortu geri alan şirniyyat evinin əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlanacağını qeyd ediblər.
“Əvvəl tortu qaytarmaq isəmirdilər. Mənə dedilər ki, biz inanmırıq, bəlkə özünüz qoymusunuz. Amma sonradan sübut olundu ki, sellofan torbanın alıcı tərəfindən tortun içərisinə qoyulması mümkünsüzdür. Mənə bildirdilər ki, araşdırmaların yekun nəticələri haqda məlumat veriləcək. Sonradan gah dedilər ki, sabah, gah dedilər ki, birisigün məlum olacaq. Bir həftədən sonra zəng etdilər ki, tortu götürə bilərəm. Mən də Nizami rayonunda yaşadığımdan, orada yerləşən “AZZA” şirniyyat evindən tortu götürmək istədim. Mənə bildirdilər ki, hadisə ilə hansı filialda qarşılaşmışamsa, tortu ancaq oradan götürə bilərəm. Nəhayət, 1 həftəlik süründürməçilikdən sonra mən tortu qaytardığım filialdan götürə bildim”.
Mətbuatda yayılan məlumatla bağlı “AZZA” şirniyyat evinə də müraciət etdik. Ancaq şirkətin İsrafil adlı piar nümayəndəsi “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, onlar bu məsələ ilə bağlı hər hansı açıqlama vermək istəmirlər.
Günel CƏLİLOVA