Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycan MDB-də işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Bu barədə MDB Dövlətlərarası Statistika Komitəsinin hesabatında qeyd olunub.
Belə ki, Azərbaycanda qeydə alınan işsizlərin iqtisadi aktiv əhaliyə nisbəti 0,4 faiz təşkil edir. Bu, Belarusdakı göstəricidən (0,3 faiz) bir qədər aşağıdır.
Qeyd edək ki, işsizlərin iqtisadi aktiv əhaliyə nisbəti Rusiyada 0,9 faiz, Qazaxıstan 1, Moldova 1,3, Tacikistan 2,2, Qırğızıstanda isə 2,8 faizdir. Ukrayna və Ermənistanla bağlı məlumatlar yoxdur.
Sosial sahə üzrə ekspert Azər Allahverənov baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, insan kapitalının inkişaf etdirilməsi iqtisadiyyatın əsasını təşkil edir. İnsan kapitalının inkişaf etdirilməsi məşğulluğun təmin olunması ilə bağlıdır: “İstər məşğulluq, sahibkarlığın genişləndirilməsi, əmək məhsuldarlığının böyüdülməsi, eyni zamanda işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması kimi məsələlər iqtisadi inkişafı təmin edən başlıca amillərdən biridir. Məlumdur ki, ölkədə 2005-ci ildən etibarən işsizliyin aradan qaldırılması ilə bağlı ciddi işlər həyata keçirilir. Həmçinin, ölkədə məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı proqram həyata keçirilib. Bu kimi sənədlərin qəbul olunması işsizliklə bağlı statistik rəqəmlərə təsir edib. Onu da deyim ki, həmin strategiyanın icrası nəticəsində ölkədə yoxsulluğun səviyyəsi azalıb. İşsizliklə bağlı qarşıya qoyulan məqsədlərə nail olunduğu üçün işsizlik səviyyəsi ilə bağlı çox ciddi bir hesabat yayıldı. Həmin hesabatda da ölkəmiz yaxşı göstəricilər sırasında yer alıb”.
Həmsöhbətimizin sözlərinə görə, Prezident İlham Əliyev 2019-2020-ci illəri əhatə edən ölkənin Məşğulluq Strategiyası deyilən bir sənədi imzaladı. Bu sənəddə yeni hədəflər müəyyən olundu. Həmin hədəflər sırasında işsizlik səviyyəsinin azaldılması əsas yer tutur. Əhalinin məşğulluğu dedikdə, daha çox sahibkarlığın inkişaf etdirilməsinə önəm verilir. İşsizliyin aradan qaldırılması istiqamətində aparılan işlər beynəlxalq agentliklərin tərtib etdiyi statistik rəqəmlərdə də özünü göstərir.
Günel CƏLİLOVA