Aytəkin Kamranqızı: “Bu qərar çoxlu sayda ölkə vətəndaşının ali təhsil almasına şərait yaradacaq”
“Nə qədər çox gənc ali təhsil alsa, bu bir o qədər ölkənin inkişafına, tərəqqisinə öz töhfəsini verəcək”
“Azərbaycanda 2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq”. Bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bununla bağlı sənəd layihəsinin Nazirlər Kabinetində artıq təsdiq olunma mərhələsində olduğunu deyib.
C.Bayramov əlavə edib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 12 324 yerdən 20 500 yerədək artırılıb: “Hesab edirik ki, bu tendensiya növbəti illərdə də davam edəcək. Növbəti tədris ili üçün ali təhsil müəssisələrinin proqnoz yerlərinin sayında dövlət sifarişli yerlər 42 faiz təşkil edəcək. 2018-2019-cu tədris ilində bu təxminən 30 faiz idi”.
Təhsil nazirinin sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsində ali təhsil sistemində dövlət sifarişli yerlərin maliyyələşdirilməsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur.
Azərbaycanda 2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayının artırılmasının əhəmiyyəti barəsində danışan sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, bu gün ölkədə təhsil səviyyəsinin yaxşılaşdırılması, daha da təkmilləşdirilməsi üçün görülən işlərdə Azərbaycan gəncinin savadlı olması prioritetdir:“Təhsilin inkişafı istiqamətində verilən qərarlar kadr potensialı və maddi-texniki bazanın gücləndirilməsi, həmçinin ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlib”.
Həmsöhbətimizin sözlərinə görə, dövlət sifarişli yerlərin sayının artırılması müsbət haldır: “Belə bir qərarın verilməsi təhsildə rəqabətin artmasına səbəb olacaq. Zamanla bu proses mütəmadi olaraq davam edəcək. Dövlət sifarişli yerlərin sayı hər il daha da artacaq”.
A.Kamranqızı hesab edir ki, dövlət sifarişlərinin artırılması istedadlı, amma maddi vəziyyəti əlverişli olmayan gənclərin təhsil almasına şərait yaradacaq: “Bəllidir ki, bəzi gənclər sırf maddi sıxıntılar üzündən ali təhsil ala bilmir. Bu qərar çoxlu sayda ölkə vətəndaşının ali təhsil almasına şərait yaradacaq. Nə qədər çox gənc ali təhsil alsa, bu bir o qədər ölkənin inkişafına, tərəqqisinə öz töhfəsini verəcək”.
Günel CƏLİLOVA