Seyid Camal Əzimbəyli: “Əvvəllər bir arayış almaqdan ötrü görürdük ki, vətəndaşları nə qədər get-gələ salırlar, amma indi bunların heç biri yoxdur”
"ASAN xidmət"in əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yəni bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı”. Bu fikirləri Prezident İlham Əliyev “Real” televiziyasına müsahibəsində söyləyib.
Dövlət başçısı qeyd edib ki, "ASAN xidmət" onun təşəbbüsü ilə yaradılıb: “Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər "ASAN xidmət"i çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə "ASAN xidmət"i doğrudan da nadir bir ictimai xidmət mərkəzinə çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, - mən 15 mərkəzin açılışının hər birində olmuşam, - görmüşəm ki, edilən təqdimatlarda hansısa bir yenilik var. Yəni bu onu göstərir ki, orada çalışan insanlar, - onların mütləq əksəriyyəti gənclərdir, - çox böyük həvəslə, böyük sevgi ilə bunu edirlər. Onlarda böyük ruh yüksəkliyi var. Onlar istəyirlər ki, ölkəmizdə işlər daha yaxşı getsin, istəyirlər ki, bu işlərə öz töhfələrini versinlər”.
Prezident vurğulayıb ki, "ASAN xidmət" çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür. Orada işləyən gənclər bizim gələcəyimizdir.
Ölkə başçısı “ASAN xidmət”in insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardığını deyərkən, burada söhbət insanların təfəkküründə gedən dəyişikliklərdən gedir. Hansı ki, bu dəyişikliklər sayəsində məmur-vətəndaş münasibətləri əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişdi. Vətəndaş-məmur münasibətlərində illərdir mövcud olan köhnə stereotiplər dağıldı. Bütün bunlar məhz “ASAN xidmət”in sayəsində olub. O baxımdan, bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzləri insanların düşüncəsində dəyişikliklər yaradıb: “İnanılmaz dərəcədə bu dəyişikliklər özünü göstərməkdədir. “ASAN xidmət”lərin sayəsində xalqın xidmətində duran gənc, kreativ məmurlar təsəvvürü yaranır. Hesab edirəm ki, bu çox böyük nailiyyətdir. Özüm ictimaiyyət arasında tez-tez oluram və görürəm ki, cəmiyyət bu xidmətdən necə razıdır. İstənilən sənədi çox asan və rahat şəkildə “ASAN xidmət” mərkəzlərində dəyişmək mümkündür. İnsanlar onlara “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən zövq alırlar. Əvvəllər bir arayış almaqdan ötrü görürdük ki, vətəndaşları nə qədər get-gələ salırlar, amma indi bunların heç biri yoxdur. Nəyin sayəsində? Əlbəttə, “ASAN xidmət” mərkəzlərinin sayəsində. Bütün bunlar insanların şüurunda, təfəkküründə məmurlar barəsində yeni, müsbət imic formalaşdırır. Ona görə də Prezident İlham Əliyevin bu məsələdə toxunduğu məqamlar tamamilə reallığı özündə əks etdirir”.
Vidadi ORDAHALLI