İsrail Səfirliyi “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə “TOM” (Tikkun Olam Makers) layihəsini təqdim etdi. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirməkdir.
Layihənin təqdimat mərasimi “Azercell”, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) , “PAŞA Bank”, JOY Uşaq İnkişaf Mərkəzi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İdman Akademiyasınin Media Mərkəzi və digər qurumların dəstəyilə 5 fevral 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində keçirildi. Mərasimdə, həmçinin, TOM-un Azərbaycandakı veb səhifəsi təqdim olundu. Səhifədə fiziki məhdudiyyətli şəxslərin gündəlik üzləşdikləri çətinliklər, həm də ixtiraçılara müraciət əks olundu.
Tədbirdə çıxış etdilər: Avital Rozenberq - İsrailin Azərbaycan Respublikasındakı Səfirinin müvəqqəti işlər vəkili, İmran Bağırov - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri,
Vüqar Behbudov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri, Məftunə İsmayılova - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi.
TOM gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri, developerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla (“ehtiyac sahibləri”) birləşdirən qlobal icma hərəkatıdır. Layihə barədə ətraflı məlumat üçün TOM-un Azərbaycandakı və beynəlxalq veb saytından istifadə edə bilərsiniz:
http://tombaku.barama.az/
http://tomglobal.org/
İstedadlı şəxslər üçün elan olunmuş çağırışdan sonra, potensial ixtiraçılara iştirak üçün qeydiyyatdan keçməyə təxminən 1 ay vaxt veriləcək (28 fevral tarixinədək). 5 TOM tapşırığında (“çağırışında”) komanda şəklində iştirak edən yarışçıların adları mart ayında açıqlanacaq. Onlar Pre-TOM tədbirində bir-birilə tanış olacaq və birlikdə çalışmağa başlayacaqlar. Komandalar təxminən 1 ay ərzində qoyulmuş problemə həll yolu düzəltməlidirlər. Layihə dövründə komandalara “SCHWATECH” MMC tərəfindən dəstək göstəriləcək.
Komandaların yekun məhsulları 17 aprel 2019-cu ildə keçiriləcək TOM tədbirində təqdim olunacaq və bütün ideyalar ictimaiyyətə açıq olacaq.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.