“Son illərdə Azərbaycan elmində baş verən müsbət yeniliklərin sırasında, həm də xoş olmayan, elmimizin sabahı üçün əsl təhlükəyə çevrilən proseslər də yaşanmaqdadır. Xüsusilə elmi adların pulu və vəzifəsi olan savadsız kəslərə ehsanlıq halva kimi paylanması ciddi təhlükədən xəbər verir”.
Bu barədə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rərhbəri Mətləb Salahov bildirib. O qeyd edib ki, son illərdə min cür əyliriliklərlə “elmi ad alanların” əksəriyyəti cəmiyyətdə elmə qarşı ciddi ikrah hissi yaradan adamlardır. “Fikir verin, son bir neçə il ərzində elmlə heç bir əlaqəsi olmayan, ömründə fəlsəfə sözünün sadəcə qrammatik izahı barədə mülahizə yürütmək təfəkkürünə sahib olmayan vəzifə və pul sahibləri elmi titullara “yiyələniblər”. Cəmiyyətdə üzdə olan və savadsız olduğu hamıya gün kimi aydın olan kəslərin elmi titullara “yiyələnmələri”, pul müqabilində özlərinə elmi işlər yazdırmaları Azərbaycan elminin böyük faciə astanasında olduğuna işarədir”- deyə o bildirib.