Könül Vaqifqızı: “Bəzən xanımlar düşünürlər ki, onun ailə həyatı istədiyi kimi getmirsə, o, həyat yoldaşından boşanıb, tək uşağı ilə sərbəst yaşaya bilər, ancaq…”
Ölkədə boşanmaların sayı durmadan artır. Rəsmi statistikaya görə, ay ərzində 1200-dən çox boşanma qeydə alınır. Maraqlı məqam ondan ibarətdir ki, boşanma daha çox biruşaqlı ailələrdə qeydə alınır. Biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb.
Statistik rəqəmlərə əsasən, 1990-cı ildə ölkədə 14 040 boşanma halı qeydə alındığı halda, 1995-ci ildə bu rəqəm 2 dəfədən çox azalaraq 5 669-a enib. 2017-ci ildə isə boşananların sayı yenidən 14 514-ə çatıb ki, bu da 1990-2017-ci illər ərzində qeydə alınan ən yüksək göstəricidir. 2018-ci ilin yalnız yanvar-oktyabr aylarında (2018-ci il üzrə yekun hesabat açıqlanmayıb) qeydə alınmış boşanma hallarının sayı 12 396 təşkil edib.
Bir və ikiuşaqlı ailələrdə boşanmanın nə səbəbdən artması barədə psixoloq Könül Vaqifqızına müraciət etdik. O bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda 1 uşağı olan ailələrdə boşanma hallarının sayı son illər artıb: “Bunun da müəyyən səbəbləri var. Bu gün ailə cütlüyü, sadəcə, toya qədər olan prosesi fikirləşir, sanki ondan sonrakı proses ailə həyatına daxil deyil. Ailənin ilk illərində adaptasiya dövrü yaşanır. Evliliyə qədərki müddətdə bəzi xüsusiyyətləri gizlətmək mümkündür, lakin ilk üç ildə münasibətlərin görünməyən tərəfləri də ortaya çıxır. Evliliyin 3-cü və 7-ci ili böhran dövrü hesab olunur və burada ailə institutlarının əhəmiyyəti önəmlidir. Boşanmalara təsir edən əsas faktorlardan biri də müasir ailələrdə uşağın sayının az olmasıdır. Hazırda bizim ailələrdə ən çoxu 3 uşaq olur, bir, yaxud iki uşaqla kifayətlənirlər. Təbii ki, bir və ya iki uşaqdan gözləntilər də artır və valideynlər daha cəsarətli olur və övladının elə ilk problemində onu ürəkləndirir. Burada oğlanın ailəsindən çox, xanımların ailəsi tərəfindən müdaxilə önəmlidir. Çünki qadın ailədə baş verən problemləri öz ailəsinə bildirir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bəzən xanımlar düşünürlər ki, onun ailə həyatı istədiyi kimi getmirsə, o, həyat yoldaşından boşanıb, tək uşağı ilə sərbəst yaşaya bilər: “Artıq bu fikir bəzi xanımları sərbəst yaşamağa sövq edir. Qadınlar düşünürlər ki, aldıqları alimentlə onlar yaşayışlarını təmin edə bilərlər. Ancaq o qadınlar düşünmürlər ki, aylıq aldıqları alimentlə uşağı xoşbəxt edə bilməyəcəklər. Yeni qurulan ailələrin dağılmaması üçün boşanma proseduru sərtləşdirilməlidir. Psixoloq hər iki tərəflə təklikdə danışmalı, onların bu qərardan vaz keçməsinə çalışmalıdır”.
Günel CƏLİLOVA