Demokratik artım şəraitində əmək bazarına axın edəcək xeyli sayda gənc insanın işlə təminatı ölkə qarşısında əsas hədəflərdən biridir. Gənclərin işlə təmin olunması məqsədilə dövlət tərəfindən müəyyən işlər görülür. Onların işlə təmin olunması məqsədilə gənclər təlimlərə cəlb olunur, layihələrdə iştirak edirlər.
Açıqlanan statistik rəqəmlərə əsasən, ötən il 15 min gənc işlə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin əmək bazarına inteqrasiyasıdır. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, ötən il Xidmətin xətti ilə 51 774 nəfər işlə təmin olunub və onlardan 14 700-nü gənclər təşkil edib.
15 minə yaxın gəncin işlə təmin olunması dövlətin gənclərə göstərdiyi qayğının bir nümunəsi kimi də qəbul olunur.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, gənclərin işlə təmin olunması sevindiricidir: “Bəllidir ki, əksər hallarda gəncləri təcrübəsi zəifdir deyə işə götürmürdülər. Ancaq sevindirici haldır ki, dövlətin səyi nəticəsində gənclərimiz işlə təmin olunur. Gənclər həm işlə təmin olunurlar, həm də təcrübə toplayırlar”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir, gənclərə öz potensiallarını nümayiş etdirmələri üçün hər cür imkan və şərait yaradılır.
Birlik sədrinin sözlərinə görə, dövlət, hökumət rəhbərliyi, ən əsası, ölkə Prezidenti səviyyəsində gənclərə böyük diqqət və qayğı mövcuddur: “Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi olub”.
Günel CƏLİLOVA