Hər gün ayrı-ayrı vətəndaşlardan Daxili İşlər Nazirliyinə çoxsaylı təşəkkür məktubları da daxil olur. Son günlər aldığımız məktublardan birini diqqətə çatdırmaq istərdik.
Sumqayıt şəhər sakini Sahib Ağayev yazır ki, ŞPİ Post-Patrul Xidmətinin əməkdaşları - polis baş serjantı Elnur Abdullayev, polis serjantları Bəxtiyar Xəlilov və Hikmət Yunuszadə onların həyatını xilas edib.
H.Z.Tağıyev qəsəbəsində yaşayan S.Ağayev bildirir ki, yanvarın 18-də saat 4.25-də qapının möhkəm döyülməsinə oyanıb. Qapıda polis əməkdaşlarını görəndə əvvəl çox həyəcanlanıb. Amma sən demə, onlar həmin vaxt uzaqdan evdən qatı tüstü qalxdığını müşahidə etdiklərindən mənzilin sakinlərinə köməklik göstərmək, onların bayıra çıxarılmasını təmin etmək üçün yaxınlaşıblar. Yanğın baş verən otaqda ev sahibinin yaşlı anası yatıbmış. Polislər dərhal həmin otağa daxil olub, onu boğulmaqdan xilas ediblər.
Yağınla əlaqədar əməkdaşlar dərhal ŞPİ-nin Növbətçi Hissəsinə, Təcili Tibbi Yardıma və Fövqəladə Hallar Nazirliyinin Regional Yanğınsöndürmə İdarəsinə xəbər verdiklərindən onların da təmsilçiləri hadisə yerinə gəlib, yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısını alıb.
Sahib Ağayev bir ailənin həyatını xilas etdiklərinə görə polislərimizə minnətdarlıqlarını bildirir, insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində də ayıq-sayıqlıq, uğurlu xidmət arzulayır.