Aytən Mustafayeva: “Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 35 milyon manatın ayrılması vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli, 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.18.3-cü yarımbəndində göstərilən vəsaitin 35 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 35 milyon manatın ayrılmasında məqsəd o təbəqədən olan insanların sosial müdafiəsinin yaxşılaşdırılmasıdır.
Azərbaycanda şəhid ailələri daim dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsi ildən-ilə yaxşılaşıldırılır.
Millət vəkili Aytən Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, şəhid ailələrinə xüsusi diqqətlə yanaşır: “Vətən uğrunda şəhid olmuş vətəndaşların varislərinə xüsusi qayğı göstərilir. Şəhid ailələrinin sosial müdafiəsinin həll olunması istiqamətində bir sıra fərman və sərəncamlar imzalanıb. Onlara maddi dəstək göstərilməsi üçün birdəfəlik ödəmə verilib, həmçinin, hərbi qulluqçuların varislərinin mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin ayrılması bu təbəqədən olan insanlara xüsusi qayğının bariz nümunəsidir.
Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır”.
Xanım millət vəkili hesab edir ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 35 milyon manatın ayrılması vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq.
Günel CƏLİLOVA