“Müsbət haldır ki, Vətən yolunda şəhid olan insanların ailə üzvləri, yaxınları dövlət qayğısı ilə əhatə olunur və onlar mənzillə təmin olunurlar”
Azərbaycan dövləti şəhid ailələrinin qayğı və problemlərini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, sosial müdafiələrinin gücləndiriləməsini əsas hədəf olaraq götürüb. Şəhid ailələrinin mənzillə təmin edilməsi dövlətin marağında olan ümdə məsələlərdən biridir. Yanvarın 28-də Prezident Sarayında şəhid ailələrilə görüşən ölkə başçısı şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərildiyini, bundan sonra da qayğı siyasətinin davam etdiriləcəyini deyib.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcək. “...Mən bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəkdir. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin”- deyə bildirən ölkə başçısı bununla dövlətin həmişə şəhid ailələrinin yanında olduğunu bir daha bəyan edib.
Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu mövzu ilə əlaqədar “Bakı-Xəbər”ə bildirdi ki, şəhid ailələrinin mənzillə təmin edilməsi sahəsində Prezidentin ortaya qoyduğu iradə təqdirəlayiqdir. ”Bütün şəhid ailələrinin mənzillə təmin ediləcəyi ilə bağlı fikrin Prezident tərəfindən səsləndirilməsi çox əlamətdardır. Şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bu statusu daşıyan ailələrə nə qədər yardımlar edilsə, dəstək göstərilsə bu bir o qədər yaxşıdır. Bu sahədə atılan addımlar alqışlanmalıdır. Düşünürəm ki, Prezidentin “növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəkdir”- bəyanatı şəhid ailələrində bir ümid yaratdı. Şəhid ailələri artıq bir daha əmindilər ki, onların qayğılarının həll edilməsi dövlət başçısının diqqətindədir. Ev almaq istəyində olan şəhid ailələrinin mənzillə təmin edilməsi onların gücünü, əzmini artırır. Müsbət haldır ki, Vətən yolunda şəhid olan insanların ailə üzvləri, yaxınları dövlət qayğısı ilə əhatə olunur və onlar mənzillə təmin olunurlar”-deyə bildirən Ə.Qəşəmoğlu hesab edir ki, Prezidentin bu bəyanatı gənclərin vətənpərvərlik ruhunun daha yüksək şəkildə formalaşmasında mühüm rol oynayacaq. Onun sözlərinə görə, müasir gənclik görəndə ki, dövlət Vətən uğrunda şəhid olanların ailəsini, yaxınlarını unutmur, onların sosial təminatının yüksəlməsi üçün əməli tədbirlər görür, bu onlara müsbət təsir göstərəcək.
İradə SARIYEVA