“Azərbaycanın sosial siyasət sahəsində başlıca hədəfi əhalinin bütün qruplarının ədalətli sosial təminatını həyata keçirməklə sosial rifah dövlətinin qurulmasıdır”
Hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri də onun sosial siyasətidir. Sosial siyasət əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər sistemidir. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir.
Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib və mühüm uğurlar əldə olunub.
Bu gün Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərini dəyərləndirmək məqsədilə millət vəkili Rüfət Quliyevə müraciət etdik. O bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanın sosial siyasət sahəsində başlıca hədəfi əhalinin bütün qruplarının ədalətli sosial təminatını həyata keçirməklə sosial rifah dövlətinin qurulmasıdır: “Azərbaycan vətəndaşlarına sosial təminatı bir neçə istiqamət üzrə həyata keçirilir. Ilk olaraq bildirim ki, bütün vətəndaşların sosial təminat hüquqları təmin edilir. Yəni vətəndaşlar işlə təmin olunur, dövlət hər bir kəsin sağlamlığına, təhsil almasına, sağlam mühitdə yaşamasına təminat verir. Digər istiqamət isə odur ki, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət öz yardımını göstərir. Yəni onlara ünvanlı sosial müavinətlər verilir, əməkdə, təhsildə, mədəniyyətdə və s. sahələrdə fərqlənənlərə Prezidentin xüsusi təqaüdü verilir. Həmçinin, dövlət tərəfindən əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bununla yanaşı, Qarabağ əlilləri və şəhid ailələri mənzillə təmin olunurlar”.
Günel CƏLİLOVA