“Bu gün Azərbaycanda kütləvi piyada məsuliyyətsizliyi var”
Yol nəqliyyatı hadisələrinin statistikasına baxdıqda zərərçəkən insanların bir qismi öz diqqətsizliyi ucbatından facilə ilə qarşılaşır. Son zamanlar bir qisim insan, xüsusən də gənclər avtomobil yollarını keçərkən mobil telefonla danışırlar. Bu da həm piyadaların özləri, həm də sürücülər üçün təhlükəli vəziyyət yaradır. Hətta başı telefonla danışmağa qarışan piyadanın kiçik bir səhvi onun qəza ilə üzləşməsinə səbəb ola bilir. Piyadaların telefonla danışa-danışa avtomobillərin hərəkət etdiyi yollardan keçməsi sürücüləri də ciddi narahat edir. Onlar piyadanın diqqətsizliyi, sürücünün isə tələskənliyi ucbatından bu halın qəza ilə nəticələnməsindən narahat olurlar.
Heç şübhəsiz ki, bu amil də avtomobil yollarını mobil telefonla danışa-danışa keçən piyadalara qarşı cərimələrin tətbiq edilməsi məsələsini gündəmə gətirir.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, piyadaların avtomobil yollarını telefonla danışa-danışa keçməsi hallarının mövcudluğu bu hala qarşı tədbirlər görülməsini tələb edir. Lakin o hesab edir ki, ilkin mərhələdə belə piyadalara qarşı cərimələrin tətbiq edilməsindənsə, onlar arasında maarifləndirici tədbirlər həyata keçirmək lazımdır. Hazırda piyadalarla bağlı başqa problemlərin daha aktual olduğunu vurğulayan Ə.Hüseynovun sözlərinə görə, müəyyən olunmamış yerlərdən qanunsuz keçdiklərinə görə cərimələnən piyadaların cərimələri ödəməsində ciddi çətinliklər var, onlar cərimələri ödəmirlər. “Telefonla danışa-danışa avtomobil yolunu keçən piyadalara qarşı cərimələrin tətbiq edilməsi hələlik çətin məsələdir. Bilirsiniz, bu gün cərimələrlə bağlı lazımsız söz-söhbətlər var. Hardasa bir məsələ ilə bağlı cərimələr tətbiq etdikdə hay-küy qaldırırlar ki, əlavə gəlir yeri tapılıb. İndi piyadaların bu davranışlarının qeydə alınması da çətin məsələdir. Onları kim qeydə alacaq, kim müşahidə edəcək, kim məsuliyyətə cəlb edəcək məsələsi də var. Yəni piyadaların avtomobil yolunu telefonla danışa-danışa keçməsinin qarşısının alınması üçün cərimələrin tətbiq edilməsi hazırda aktual deyil. Hazırda aktual olan məsələ piyadaların yolu müəyyən edilməmiş yerdən keçməsidir. Qanunvericiliyə görə, bu hala yol verən piyada 20 manat cərimə ödəməlidir. Bunu tətbiq etmək lazımdır. Bu gün Azərbaycanda kütləvi piyada məsuliyyətsizliyi var. O məsuliyyətsizliyin qarşısının alınması üçün atılacaq addımlar çoxdur” - deyə Ə.Hüseynov bildirdi.
İradə SARIYEVA