Azərbaycanda səfərdə olan türkiyəli şəhid və qazı uşaqları Türkiyənin Azərbaycandakı səfirliyində olub.
Nəsimi rayon İcra Hakimiyyətindən “Bakı Xəbər”ə verilən məlumata görə, onları Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qəbul edib. Səfir 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan səfərin əhəmiyyətindən danışaraq bildirib ki, ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyalarının aşılanmasının böyük əhəmiyyəti var. Səfir, həmçinin, Türkiyə və Azərbaycan xalqlarının tarixi qardaşlığından danışaraq, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün belə qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi rolunu qeyd edib. Səfir Erkan Özoral bildirib ki, türkiyəli gənclər və uşaqlar səfər zamanı qardaş Azərbaycanla bağlı ətraflı məlumat əldə edəcək və bu səfər onların yaddaşına əbədilik həkk olunacaq.
Türkiyənin şəhid və qazi uşaqları 3 saylı Uşaq-Gənclərin İnkişaf Mərkəzində olarkən mərkəzin fəaliyyəti və müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş məşğələ otaqları ilə tanış olub, muxtəlif dərnəklərin “ustad dərsləri”ndə iştirak ediblər. Daha sonra dərnək üzvləri konsert proqramı ilə qonaqların qarşısında çıxış edib, milli rəqslər nümayiş edilib, mahnılar səslənib. Sonda Azərbaycanın milli şirniyyatları ilə çay süfrəsi ətrafında qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Baki-xeber.com