Yanvarın 19-da DİN-in Əlahiddə Çevik Polis Alayında 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan alay komandiri, polis general-mayoru Səhlab Bağırov bildirib ki,20 Yanvar və tariximizdə ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə, Azərbaycan xalqı hər zaman olduğu kimi öz qürurunu itirmədi, onun iradəsi qırılmadı.
O bildirib ki, 20 Yanvarı yalnız faciə kimi deyil, həm də şərəf və qəhrəmanlıq günü kimi xatırlayırlar. Sovet imperiyası 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törətsə də, günahsız insanlar qətlə yetirilsə də xalqımızın azadlıq arzusunu boğa bilmədi. İyirmi Yanvar hadisələri milli iftixar hissinin və milli müstəqillik ideyalarının formalaşmasına tarixi şərait baxımından güclü zəmin yaradıb. Qanlı Yanvar faciəsindən sonra ölkənin milli müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub. O dəhşətli gecədə baş verən qanlı hadisələrdən zaman etibarilə uzaqlaşsaq da, xalqımız şəhidlərimizi heç vaxt unutmur, onları həmişə yad edir.
Həmin vaxt Moskvada yaşayan ulu öndərimiz Heydər Əliyev hadisənin ertəsi günü ailə üzvləri ilə birgə Azərbaycanın nümayəndəliyinə gələrək, bu qanlı cinayəti pisləyən bəyanat verib, xalqımıza qarşı törədilmiş haqsızlığı dünyaya çatdırıb, faciənin bütün günahkarlarının cəzalandırılmasını qətiyyətlə tələb edib. Ümummilli liderimiz xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirib.
Qəhrəmanlıq tariximizin bu şanlı səhifəsinə Heydər Əliyev çox dəqiq qiymət verərək deyib: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı