Ramil Osmanlı: “Yeni qaydalara əsasən, mənzil-tikinti kooperativi binanı tikib sakinlərin istifadəsinə verdikdən sonra, ən geci bir ay müddətində MTK-nın ləğvi ilə bağlı qərar qəbul etməli və idarəetmədən geri çəkilməlidir”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Məcəlləyə əsas dəyişikliklər mənzil qanunvericiliyinin pozulması ilə əlaqədardır.
Respublikanın şəhərlərində, o cümlədən Bakıda tikintisi başa çatmış və artıq məskunlaşmış bütün yeni tikililərin MTK-lardan alınaraq idarəedici şirkətlərə və sakinlərə təhvil verilməsinə başlanır. Belə ki, yeni tikililərin tikintisi başa çatdıqdan və həmin binadakı mənzillərin ümumi sayının əlli faizindən çoxu sakinlərin mülkiyyətinə keçdikdən sonra, bir ay müddətində MTK ləğv edilməli və bina sakinlərinin yaratdığı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə təhvil verilməlidir. İnzibati Məcəlləyə edilən dəyişikliklər də bununla bağlıdır ki, həmin proses üçün zəruri tədbirlər görməyən vəzifəli şəxslər iki min manat, hüquqi şəxslər isə beş min manat cərimə ediləcək.
Qeyd edək ki, qanunvericiliyə əsasən, çoxmənzilli binaların sakinləri binanı idarə etmək üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) yaratdıqdan sonra bu təşkilatın qərarı ilə bina idarəedici şirkətə verilməlidir.
Sakinlər özləri bu məsələni həll etməsələr, bu işlə binanın yerləşdiyi bələdiyyə məşğul olacaq. İnzibati Xətalar Məcəlləsinə edilən digər yenilik də bələdiyyələrin cərimələnməsinə aiddir.
Sözügedən dəyişikliklə bağlı məlumat verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “Yeni tikililərin MTK-lardan alınaraq idarəedici şirkətlərə verilməsi mənzil idarəetməsi sahəsində uzun illərdir yığılıb qalan problemlərin aradan qaldırılmasına kömək edəcək. Çünki mənzil idarəetməsi sahəsində MTK-lar və sakinlər arasında müəyyən problemlər var idi. Mənzil-istismar sahələri bəzi hallarda vətəndaşlardan mənşəyi bəlli olmayan vəsait tələb edirdilər. Prezidentin yeni fərmanı ilə çoxmənzilli binaların idarə olunması bu sahədə yaşanan çətinlikləri aradan qaldıracaq. Yeni qaydalara əsasən, mənzil-tikinti kooperativi binanı tikib sakinlərin istifadəsinə verdikdən sonra, ən geci bir ay müddətində MTK-nin ləğvi ilə bağlı qərar qəbul etməli və idarəetmədən geri çəkilməlidir. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, sahə mülkiyyətçilərinin iştirakı ilə yeni idarəedici qurum formalaşdırıla bilər. Sakinlər idarəedici formasını seçə bilməzsə, o zaman yerli idarəetmə orqanı olan bələdiyyələr satın alınma yolu ilə həmin binanın idarəetməsini bu sahədə təcrübəsi olan başqa təşkilata sata bilər. Bu qayda mənzil idarəetməsindəki problemlərin həll olunmasına səbəb olacaq”.
Günel CƏLİLOVA