Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Tütündən imtina et" mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
“Trend”in məlumatına görə, "dəyirmi masa"da çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev tədbirin keçirilməsində əsas məqsədin əhalinin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da genişləndirmək olduğunu deyib: "Əhalinin sağlamlığının qorunması, gənc nəslin sağlam böyüməsi və inkişafı, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədilə ölkəmizdə kompleks tədbirlər görülür, qanunvericilikdə mühüm dəyişikliklər edilir. Hazırda əsas məqsəd Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasıdır".
Dünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı çıxış edərək tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu vurğulayıb.
“Müşahidələrim onu göstərir ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadəyə maraqları çoxdur”- deyən Fatoş Hande Harmancının sözlərinə görə, 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir: "Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var".
ÜST rəsmisi bildirib ki, Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir.
O qeyd edib ki, həmin insanların da yarısı 70 yaşına çatmadan dünyalarını dəyişəcəklər: "Ona görə də bunun qarşısını almaq üçün həyata keçiriləcək mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Bu da xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış ola bilər".
ÜST rəsmisi əlavə edib ki, tütün məmulatlarının reklamlarını azaltmaq laızmdır: "Dükanlarda, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır. Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar. Ölkədə keçən il qəbul edilən qanunu təqdirəlayiq hal kimi qiymətləndirirəm".
H.Harmancı hesab edir ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə, siqaret çəkənlərin sayı durmadan artacaq: "Çünki tütün satışı ilə məşğul olan sahibkarlar qazanc əldə etmək istəyirlər".