Aytəkin Kamranqızı: “… artıq müasir həyat tərzi kəndlərdə də müşahidə edilir”
Son onilliklər ərzində Azərbaycanda ən yüksək əhali artımı Abşeron iqtisadi rayonunda baş verib. Bu barədə media nümayəndələrinə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, əhalinin çox böyük sıxlığı (hər kvadrat km-ə 200 nəfərdən çox) ilə seçilən ərazilər əsasən Bakı şəhər aqlomerasiyasında yerləşir. Bakı və Sumqayıtın bəzi ərazilərində hər kvadrat km-ə düşən əhalinin sıxlığı 3000 nəfərdən çoxdur.
Bakı və Sumqayıt Abşeron yarımadasının 17 faizini təşkil etsə də, burada, ümumilikdə, Abşeron iqtisadi rayonunun əhalisinin 78 faizi cəmlənib. Abşeron iqtisadi rayonunda ümumi əhalinin sayı 26,75 faiz, kənd əhalisinin sayı isə 44,15 faiz çoxalıb ki, bu da orta respublika göstəricisindən müvafiq olaraq 5,93 və 28,16 faiz çoxdur.
Qeyd olunub ki, iqtisadi-coğrafi rayonlar arasında orta respublika səviyyəsindən az əhali artımı Dağlıq Şirvan, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Gəncə-Qazaxda qeydə alınıb.
Ekspertlər Azərbaycanda ən yüksək əhali artımının Abşeron iqtisadi rayonunda baş verməsinin gözlənilən olduğunu bildirirlər. Onların fikrincə, Azərbaycanın ən inkişaf etmiş iqtisadi rayonu olan Abşeronda əhalinin artım tempi şəhər əhalisinin artımını xeyli üstələyib.
Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, Abşeronun Bakı və Sumqayıt şəhərlərinin yaxınlığında yerləşən kənd əhalisinin sayı Sovet dövrünün sonunda və müstəqillik illərində daha sürətlə artıb. Abşeron iqtisadi rayonunda əhalinin artımı əsasən məşğulluqla bağlıdır: “Bölgələrdə, o cümlədən, Abşeronda iş yerlərinin açılması, aqrar sahəyə diqqət və qayğının artması əhalinin artımına səbəb olub”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Abşeron kəndlərində hər zaman çoxuşaqlı ailələrə üstünlük verilib. Analoji vəziyyət indi də həmin bölgədə yaşanır: “Bəllidir ki, Bakı əhalisi son zamanlar daha çox 2 uşağın olmasına üstünlük verir. Ancaq Abşeron kəndlərində isə daha çox uşağın olmasını istəyirlər.
Bəllidir ki, Azərbaycanda əhali artımı daha çox kənd rayonlarındakı ailələr hesabına təmin olunub. Artıq müasir həyat tərzi kəndlərdə də müşahidə edilir. Bu, uşaqların sayının azalmasına səbəb olacaq. İldən-ilə bu proses müşahidə edilir”.
Günel CƏLİLOVA