Rasif Bağırov: “Səyyar Klinikanın keçirdiyi aksiya uşaq və yeniyetmələr arasında xəstəliklərin vaxtında aşkar edilməsi, dispanserizasiyası, müalicə-profilaktika və sağlamlaşdırıcı tədbirlərin keyfiyyətinin artırılmasında vacibdir”
Xəbər verildiyi kimi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 7-8 dekabrda Füzuli rayonu Horadiz şəhəri və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirəcək. Mərkəzin yaydığı məlumata əsasən, məqsəd həm pasientlərin səhhəti ilə bağlı problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda, göz xəstəlikləri üzrə monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.
Məlumat üşün bildirək ki, 2005-2017-ci illərdə Səyyar Klinika respublikanın 90 rayon və şəhərində 125 dəfə aksiya keçirib.
Mərkəzin Səyyar Klinikasının yaxın günlərdə düşmənlə təmas xəttində yerləşən bölgədə yaşayan əhalinin müayinəsini təşkil edəcəyi ölkə ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilir.
Həkim Rasif Bağırov bizimlə söhbətində qeyd etdi ki, əhalinin sağlamlığı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsəd uğurla və ardıcıl şəkildə icra olunur. Bu günə kimi bir sıra bölgələrdə bu kimi humanitar aksiyalar keçirilib: “Aksiya zamanı regionlarda yaşayan əhaliyə konsultativ-diaqnostik və profilaktik yardım göstəriblər. İşğaldan azad olunan Cocuq Mərcanlıda belə bir tədbirin keçirilməsi müsbət addım kimi qiymətləndirilməlidir.
Horadiz və Cocuq Mərcanlıda humanitar aksiyalar həm çox sevindirici, həm də əhəmiyyətli hadisədir, o bölgənin əhalisi bu tədbirlərdə fəal iştirak edirlər. Bu tip aksiyalar vətəndaşlarımızın sağlamlığının qorunmasına yönəlib. Belə tibbi aksiyaların davamlı olması təqdirəlayiqdir. Səyyar Klinikanın keçirdiyi aksiya uşaq və yeniyetmələr arasında xəstəliklərin vaxtında aşkar edilməsi, dispanserizasiyası, müalicə-profilaktika və sağlamlaşdırıcı tədbirlərin keyfiyyətinin artırılmasında vacibdir. Xüsusilə də görmə problemi yaşayanlar üçün humanitar aksiyanın keçirilməsi çoxlu sayda insa kömək olacaq. Elə insanlar var ki, onlar görmə probleminin olmadığını düşünürlər. Ancaq müayinə zamanı onların yaxın və ya uzaq görmə probleminin olduğu müəyyən olunur. Belə olan halda, onlara lazımi müalicə tətbiq olunur”.
Günel CƏLİLOVA