Cəmşid Əliyev: “Məzarların standart olması ilə bağlı Naxçıvanda tətbiq olunan qayda eynilə ölkənin bütün bölgələrində də olmalıdır”
“Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərar təsdiqlənəcək qaydalara uyğundur. Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq. Burada islami dəyərlərə, milli adət-ənənələrə zidd heç nə yoxdur. Məzarlar biri digərindən kəskin şəkildə fərqlənə bilməz”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, “Məzarlıqlar haqqında” layihə Nazirlər Kabinetindədir: “Qərar layihəsi, demək olar, bütün instansiyalardan keçib, müvafiq nazirliklərin, ekspertlərin rəyi alınıb. Yeni qərar qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və sairə məsələlər həmin qaydalarla tənzimlənəcək”.
Qeyd edək ki, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli, 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.
Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşlarının, qəbirüstü abidələrin Naxçıvandakı kimi olması təklif olunur. Ekspertlər tərəfindən irəli sürülən təkliflərdə ölkənin bütün bölgələrində standart məzarların olması bildirilir.
Dinşünas Cəmşid Əliyev bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanın hər bir bölgəsində standart məzar olmalıdır: “Necə ki, bu qayda ilk olaraq Naxçıvanda tətbiq olunacaq, eynilə ölkənin bütün regionlarında da standart məzar olmalıdır. Bu sahə ilə bağlı ilk addımı Naxçıvan atdı. Dəbdəbəli qəbir daşlarının ləğv olunması və onların standart vahid formada olması olduqca düzgün addımdır. Həmçinin, Naxçıvanın xeyir-şər məclislərinin nizamlı şəkildə keçirilməsi, israfçılığın qarşısının alınması ilə bağlı çox gözəl işlər həyata keçirilib”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bu gün əksər bölgələrdə haqqın rəhmətinə qovuşmuş insanlara dəbdəbəli məzarların tikilməsi, heykəl və büstlərin qoyulması, demək olar ki, adi hal alıb: “İnsanlar bir-birinin bəhsinə girərək, banklardan kredit götürərək rəhmətə gedən şəxsə dəbdəbəli məzar hazırlatdırırlar. Artıq bu məsələyə son qoyulmalıdır. Məlum olduğu kimi, bu sahədə ilk addımı Naxçıvanda atıldı. Ümid edirəm ki, bütün ölkədə analoji qayda tətbiq olunacaq”.
Günel CƏLİLOVA