Nəsimi rayonunda 3 dekabr Beynəlxalq Əlillər günü qeyd olunub.
Nəsimi rayon İcra Hakimiyyətindən “Bakı Xəbər”ə verilən məlumata görə, bu münasibətlə Bakı Əyləncə Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin GULSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin və 1 saylı Saglamlıq imkanları məhdud Gənclərin peşə reabilitasiya Mərkəzinin üzvlərinin iştirakı ilə əl işlərindən ibarət “Bu mənəm” adlı sərgi-satiş yarmarkası keçirilib. Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətin və şəxsən ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 7325 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var.
A.Əsgərov bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanır. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunub. Bu il müxtəlif kateqoriyalardan olan 147 nəfər əlil rayon istirahət mərkəzləri və sanatoriyalara göndərilib.
Əlil Təşkilatlari İttifaqının Prezidenti Davud Rəhimli və GULSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gulnarə Səlimova əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdür və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakı təmin olunur.
Baki-xeber.com