Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar respublikanın şəhər və rayonlarında maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti belə görüş noyabrın 23-də paytaxtın Qaradağ rayon tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilib.
Toplantıda Rayon Polis İdarəsinin, İcra Hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar iştirak edib.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov tədbiri açaraq toplantının məqsədini açıqlayıb və müzakirə ediləcək mövzuları elan edib. “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının və radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” mövzusunda çıxış edən Ə.Əkbərov törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib, tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu iştirakçıların nəzərinə çatdırıb.
Rayon Polis İdarəsinin rəhbərliyi, rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın məsul əməkdaşları, VVAQ şöbəsinin, təhsil şöbəsinin əməkdaşları, narkoloq-həkimlər, məktəb direktorları, müəllimlər, psixoloqlar yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nigahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması və gənclər arasında narkotik əleyhinə təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat” və digər mövzularda çıxışlar ediblər.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib.