Milli Məclisdə sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması təklifi müzakirə olunub. Parlamentin iclasında səsləndirilən təklifə əsasən, peşəkar sürücülər və taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün mövcud 20 ballıq limitin artırılması məqsədəuyğun hesab edilir.
Bildirilib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan sürücülər yollarda adi sürücülərlə müqayisədə 5-8 dəfə daha çox vaxt keçirirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sürücülük əsas gəlir mənbəyidir və onların böyük hissəsi ailəsinin yeganə qazanc sahibidir.
Müzakirələr zamanı qeyd olunub ki, uzun saatlar ərzində sükan arxasında olan sürücülər kiçik qayda pozuntularına görə daha sürətlə 20 ballıq həddə çatırlar. Nəticədə sürücülük hüququnun itirilməsi onların gəlir mənbəyindən məhrum olmasına, ailə büdcəsinə mənfi təsir göstərməsinə, bəzi hallarda isə işsizliyə və maliyyə problemlərinə səbəb olur.
Diqqətə çatdırılıb ki, mövcud 20 ballıq limit peşəsi sürücülük olan şəxslər üçün qeyri-bərabər şərait yaradır. Adi sürücülər alternativ nəqliyyat vasitələrindən istifadə edə bildiyi halda, peşəkar sürücülər sürücülük hüququnu itirdikdə gəlirlərini də itirmiş olurlar.
Təkliflər sırasında sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması, bal sisteminin yalnız kobud qayda pozuntularına tətbiq edilməsi və ilk dəfə törədilən yüngül pozuntular zamanı yalnız cərimə ilə kifayətlənilməsi kimi məsələlər yer alıb.
Ekspertlər hesab edirlər ki, yüngül pozuntular zamanı bu kimi güzəştlərin edilməsi müsbət haldır. Ekspertlər deyirlər ki, ilk dəfə törədilən yüngül qayda pozuntuları zamanı bal silinməsinin deyil, yalnız cərimə tətbiq olunması ilə kifayətlənilməsi yaxşı haldır. Onlar qeyd edir ki, bu təkliflər həm də qısa müddətli sürücülük hüququ itkisinin belə uzunmüddətli işsizliyə, kredit borclarına və ailə böhranına səbəb olması faktı ilə əsaslandırılır.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov baki-xeber.com-a bu təkliflərin parlamentdə müzakirəsi tam əsaslıdır. Ekspert qeyd etdi ki, sürücülük hüququndan məhrumetmə həddinin mövcud 20 baldan 40-50 bala qaldırılması daha məqsədəuyğundur.
“Bu təkliflər tamamilə əsaslıdır. Bal həddinin limiti 20 cərimə xalından yuxarı qaldırılsa daha yaxşı olar. Çünki bu gün cəmiyyətdə bununla bağlı müəyyən fikirlər, narazlıqlar var. Bəzi yüngül pozuntular zamanı, məsələn, dayanma, durma zamanı 2 cərimə xalqının yazılması da artıq öz aktuallığını itirib” deyə E.Cəfərov bildirdi.
Leyla QARAXANLI